"Sumqayıt"da Samir Abasova başqa yol qoymadılar

27 Fevral 2023 19:00 Sumqayıt 1 505
"Sumqayıt"da Samir Abasova başqa yol qoymadılar

"Sumqayıt" "6 xallıq" matçda "Kəpəz"ə məğlub oldu - 1:2.

Həm də elə sadə qollarla ki...

İlk qol qonaqların lideri Ahmed Ayzayadan gəldi. Əslində uzaq məsafədən vurulan topu çıxarmaq Aydan Bayramov üçün problem olmamalıydı. Lakin oldu. Hələ bu nədir ki...

Az sonra qolkiper elə məsafədən ikinci qolu buraxdı ki, birinci onun yanında toya getməli oldu.

Junior Martines mərkəz xəttindən bir qədər öndən vurduğu zərbə (Bəlkə də asma desək daha doğru olar) qapıdan keçdi.

Bir qapıçı belə qol buraxırsa, həmin komandanın məğlubiyyətin şərh etməyə yer qalmır.

27 yaşlı əlcək sahibi gənc deyil ki, səbr edəsən, düzələr deyəsən. Heç Premyer Liqa təcrübəsi də az deyil. Üstəlik "kimyaçılar"da uzun müddətdir forma geyinir. Komandanın az qala qocalarından sayılır.

Onun bu dəqiqə Karim Abubakara, Murata Masaki, Tisdel Terrensə dəstək ola, motivasiya verən vaxtıdır. O da belə.

Son dəqiqələr deyil ki, irəli çıxmağa bəraət qazandırasan. Heç "Sumqayıt" böyük hesabla qalib də gəlmir ki, adını arxayınçılıq qoyasan.

Çox vacib qarşılaşma gedir. Cəmi 38 dəqiqə arxada qalıb. Və sən komandanı irəli səsləməkdən, ona inam verməkdən boş yerə önə çıxıb bu məsafadən qol yeyirsən.

İlk hissədəcə matçın taleyinin həll olunmasına "töhfə" verirsən.

Məncə, bu mənzərənin fonunda Samir Abasovun başını götürüb, doğma şəhərdən qaçmasından başqa yol qalmır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti