"Açılışın nə vaxt olacağını bilsək, ondan sonra addım atacağıq"

24 Fevral 2023 17:00 Sumqayıt 1 097
"Açılışın nə vaxt olacağını bilsək, ondan sonra addım atacağıq"

«Buranın nə vaxt istifadəyə veriləcəyi bizə də bildirilməyib».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadiounun rəsmi açılışı maya qədər uzana bilər. Üç il öncə sökülən arenanın tikintisi 4 ay öncə başa çatıb.

Əsas problem təbii qazonla bağlı idi, artıq meydança da yararlı duruma gətirilib. Aqronomlar martda buranı sonuncu dəfə ekspertizadan keçirəcək.

Sadəcə, idman qurğusunun qapılarının açılması sonraya qalıb. İndi bura heç kim buraxılmır – stadionun öz əməkdaşlarından başqa.

Media əhlinin üzünə də bağlı olan arenanın açılışı rəsmi dövlət qurumlarından asılıdır.

Hər halda Sumqayıt şəhər İcra Hakimiyyətindən yerli futbol ictimaiyyətinə belə deyilib. Bildirilib ki, «Mehdi Hüseynzadə» ən uzağı, mayda təntənəli tədbirlə istifadəyə veriləcək.

R.Məmmədov qeyd edib ki, «Sumqayıt»ın böyük azarkeş ordusu var və onlar ev oyunlarını daha böyük arenada keçirmək niyyətindədirlər:

«Bilirsiz ki, «Mehdi Hüseynzadə» beş min nəfər tutur. İndiki stadionumuzdan bir neçə dəfə böyükdür.

Əksər oyunlarda tribunalar dolu olur. Bəzən görürsüz ki, nə qədər azarkeş içəri keçə bilmir, qapının arxasında dayanır.

Əlbəttə, orada oynamağa başlasaq, bizim üçün daha yaxşı olar. Hələlik gözləyirik. Açılışın nə vaxt olacağını bilsək, ondan sonra addım atacağıq».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti