Qış fasiləsindən sonra qeyri-stabil çıxış edən "Sumqayıt"ın aktivində 2 qələbə, 3 məğlubiyyət var.
Samir Abasov hələ də kollektivi autsayder pilləsindən uzaqlaşdıra bilmir.
Bu həftə isə onun komandasını "6 xallıq" qarşılaşma gözləyir.
"Kimyaçılar" doğma meydanda 1 xal öndə olduğu "Kəpəz"i qəbul edəcək.
Oyun öncəsi bəzi futbolçulardan baş məşqçini sevindirəcək xəbərlər var.
Belə ki, zədə səbəbindən ötən tura "Qəbələ" səfərində yalnız ikinci hissə meydana daxil olan Vüsal İsgəndərli tam sağalıb. Önəmli fiqurlardan olan yarımmüdafiəçi bu dəfə ilk dəqiqələrdən meydanda ola biləcək.
Ondan başqa 2023-cü ildə zədə səbəbindən 1 dəqiqə belə oynamayan Stiven Pereyra da tam sağalıb. Əslində Kobe Verdeli müdafiəçi ötən tur sifariş ərizəsində yer almışdı.
Yəni oynamağa hazır idi. Amma Abasov onu qorumağa, risk etməməyə qərar vermişdi. Bu dəfə isə yəqin ki, "5 nömrə" start fitindən oyunda olacaq.
"Qəbələ" ilə oyunun ilk hissəsində zədə alan və fasilədən sonra əvəzlənmək məcburiyyətində qalan Murad Xaçayevlə bağlı da ciddi narahatlıq yoxdur.
24 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss edir və qərb təmsilçisi ilə görüşün hazırlığında tam gücü ilə iştirak edir.
"Kapitan Arena"da keçiriləcək "Sumqayıt" - "Kəpəz" görüşü 25 fevral, saat 17:00-da start götürəcək.
XANOĞLAN / SPORTİNFO.AZ

