"Sumqayıt" 23-cü turu məğlubiyyətlə başa vurdu.
"Qəbələ"nin qonağı olan Samir Abasovun yetirmələri rəqibinə 2:1 hesabla yenildi.
Matça damğasını vuran adam isə oyunun baş hakimi Əliyar Ağayev oldu.
FİFA refersi meydan sahiblərinin ilk qolundan sonra "Sumqayıt"ın iki futbolçusuna qarşı edilən qayda pozuntusuna göz yumdu. Nə özü gördü, nə də VAR-a baxdı.
Amma epizodun təkrarında açıq-aydın göründü ki, Rafael Utziq öncə Murad Xaçayevə, ardınca isə Vurğun Hüseynova qarşı qaydalar çərçivəsində mübarizə aparmayıb.
Kapitan matçdan sonra mətbuat nümayəndələrinə açıqlamasında and-aman elədi ki, qayda pozulmuşdu.
Hirsi soyumayan təcrübəli arxa xətt oyunçusu sosial şəbəkə hesabından məlum epizodun videosun paylaşaraq baş hakimlə bağlı sərt fikirlər yazıb:
"Təmiz oyun epizodu idi. Cərimə zərbəsindən söhbət gedə bilməz. Sadəcə olaraq, ayıb olsun!
Kimsə ölməlidir ki, cərimə zərbəsi verilsin? VAR da öz işini yüksək səviyyədə görür. Bugünkü oyuna görə hakimləri təbrik edirəm".
XANOĞLAN / SPORTİNFO.AZ

