"Sumqayıt"ın yarımmüdafiəçisi Murad Xaçayev Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq Premyer Liqanın 23-cü turunda "Qəbələ"yə məğlub olduqları oyun haqqında danışıb:
"Oyuna yaxşı başladıq. Yaxşı epizodlarımız da oldu. İlk hissə qapımıza bir top getdi və o da qol oldu.
Paltardəyişmə otağına buraxılan bu qolla getmək çətin idi".
Qış fasiləsindən sonra "kimyaçılar" keçirdiyi 5 görüşdən 2-də qələbə qazanıb, 3-də məğlub olub. Xaçayev komandanın stabil çıxış edə bilməməsinə belə izah verib:
"Gücümüz, fizikamız var. Sadəcə, komanda yeni yığılıb. Bir-birimizi başa düşmək üçün zaman lazımdır.
Özünüz də görürsüz ki, yavaş-yavaş oyunumuz alınır. Amma istənilən halda vaxt lazımdır".
24 yaşlı futbolçu ilk hissə yaxşı oyun keçirsə də, fasilədə Süleyman Əhmədovla əvəzlənməsini zədə ilə əlaqələndirib:
"Əvəzlənməyim ağrılarla bağlı oldu. İkili toqquşmadan sonra istədim qaçam, gördüm ki, dizim açılmır. Buna görə oyuna davam edə bilmədim".
"Sumqayıt"ı sonuncu pillədən cəmi 2 xal ayırır. Orta xətt oyunçusu bu məqamın onlarda təzyiq yaratması ehtimalını yaxın buraxmayıb:
"Üzərimizdə hər hansı təzyiq yoxdur. Hər oyun qələbə qazanmaq üçün meydana çıxırıq".
XANOĞLAN / SPORTİNFO.AZ

