İki Əliyar Ağayev var.
Biri avrokuboklara, biri də Premyer Liqaya təyinat alan.
Onlar arasında fərq çox böyükdür. Biləcəridən o tərəfə yollanan Ağayev alqış, bu tərəflərdə dolaşan Ağayev qarğış qazanır.
Qərəzli deyil. Pulgir deyil. «Alverçi» deyil. Amma səhlənkardır. Bütün komandalara eyni gözlə baxmır.
Kiminə simpatiya, kiminə antipatiya bəsləyir.
«Sumqayıt» onun nəzərində ikinci kateqoriyaya aiddir. Yoxsa dünən qeydə aldığı birinci qol nə idi elə?
Ülvi İsgəndərlinin hesabı açdığı epizodun əvvəlində «Sumqayıt»ın iki futbolçusu ayaq altında qaldı, amma ki, ürəyinin başında FİFA emblemi daşıyan Ağayev vicdanının səsinə qulaq asmadı.
Belə qollar İngiltərə Premyer Liqasında adi haldır. Ağayevin ağlı oralara gedib? Bəs bunu iddialıların oyununda niyə etmir?
Hə də, bu, «Sumqayıt»dır, ona olar.
Samir Abasov nadir hallarda hakimlik mövzusunu səhifələyir. İndən belə tənqidləri bol eləsin gərək.
İynə gücündə təsirli sözlər var onda, bir-ikisini də Əliyarın ünvanına işlətsə, bəlkə o və digərləri özlərini yığışdırarlar.
Susduğu müddətdə «Sumqayıt»ın başından basacaq, xalını, xallarını əllərindən alacaqlar. Əliyar Ağayevdən «ibrət» alan o biri hakimlər neyləməz görən!
KAMİL

