“Arsenal” azərbaycanlı hücumçunun Premyer Liqada çıxış etməsinə PROBLEM YARADIR

8 Fevral 2023 13:00 Sumqayıt 1 938
“Arsenal” azərbaycanlı hücumçunun Premyer Liqada çıxış etməsinə PROBLEM YARADIR

Yanvarın ortasında “Arsenal”dan (Tula) ayrılan Kamran Əliyevin “Sumqayıt”a keçidi hələ rəsmiləşməyib.

24 yaşlı hücumçu “kimyaçılar“ın Antalyada təşkil olunan təlim-məşq toplanışında iştirak edib və hazırda da Azərbaycandadır.

O, komandanın gündəlik məşq prosesinə qatılır.

Vaxtilə U-20 və U-21 yığmamızın da formasını geyinmiş forvardın rəsmi debütünün gerçəkləşməməsi sənədləşmə ilə bağlıdır.

Rusiya klubu ötən ay müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiyini açıqlasa da, hələ onun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib.

“Arsenal” problemin yaxın vaxtlarda həll olunacağına dair Əliyevi məlumatlandırıb və ondan bir qədər də gözləməsini xahiş edib.

Əliyev “Arsenal”a bu mövsümün əvvəlində keçmişdi. O, sözügedən komandada 14 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Sumqayıt” Kamranı legioner kimi Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirməyəcək. Buna nə lüzum var axı?

Hücumçu gənclərdən ibarət yığmaların formasını geyinib və Azərbaycan pasportu daşıyır. AFFA ona bir neçə il öncə vətəndaşlıq alıb. Hər halda belə olmasaydı, əslən gədəbyli futbolçu millilərin formasını geyinə bilməzdi.

Əliyev “Sumqayıt”la şəxsi müqavilə şərtlərini razılaşdırıb. Minimum 2 il “gənclik şəhəri” təmsilçisinin şərəfini qoruyacaq.

SPORTİNFO.AZ

Xəbər Lenti