“Sumqayıt” qeyri-sabit çıxışını davam etdirir.
“Zirə”də məğlub olan kimyaçılar doğma meydanda “Turan Tovuz”u məğlub etdisə, cari turda komanda “Neftçi”yə məğlub oldu (0:2).
Hələ ötən tur tovuzlular üzərində qazanılan qələbədən sonra da Abasovun komandasında irəliləyiş olduğunu, amma boşluqların da “göz qamaşdırması”nı yazmışdım.
Güclü rəqiblə səfər görüşü onlar üçün heç də pis start götürməmişdi. Lakin yenə futbolçuların fərdi ciddi səhvləri bütün kollektivin əməyin puç etdi.
İlk öncə Murad Xaçayev diqqət mərkəzinə düşdü. Düzdü, 54-cü dəqiqədə Solomon Kverkvilyanın qolundan əvvəl Voyislav Stankoviçin Murada qarşı qayda pozuntusu etdiyini iddia etmək olar. Bu da onun ikili mübarizədə serbiyalıya qarşı düzgün oynamamasına bəraət verə bilməz.
Xaçayev mərkəz müdafiəçisinin yoxluğu səbəbindən məcubiryyətdən yadd mövqedə oynadılır. Başqa bir neçə epizodda da onun mövqe səhvləri, ikili mübarizələrdəki yalnış qərarları arxa xətti təhlükələrlə az üz-üzə qoymadı. Onun yarımmüdafiəçi olmasını əsas götürüb, nöqsanlarına göz yummaq olar.
Bəs, digər mərkəz müdafiəçisi Elvin Bədəlova nə söz?
Milli komandanın sabiq futbolçusunun illərə söykənən təcrübəsi var. Komandanı arxasınca aparmalı olan adam da uşaq səhvləri ilə yadda qalacaqsa, Abasov gənclərə, yeni gələn əcnəbilərə nə söz desin?
Saldaniyanın qol vurduğu epizodda Bədəlovun nə etdiyini heç fələk də anlamaz. Heç veteranların yoldaşlıq görüşündə belə ikili mübarizə olmur.
Baş məşqçi yeni futbolçu almayacaqların qəti şəkildə bildirib.
Deməli, yerli tərəfdarlar qarşıdakı 15 turda baş verəcək belə şoklara özlərini indidən hazırlaya bilərlər.
Bəlkə, zədəli Vurğun Hüseynovun qayıdışı ilə daşlar yerinə otura. Kapitan da bu işə əncam çəkməsə, “kimyaçılar”ın görəcəkləri hələ qabaqdadır.
XANOĞLAN / SPORTİNFO.AZ

