“Sumqayıt”ın “Master Cup”undan RƏNGLİ FOTOREPORTAJ

27 Yanvar 2023 09:30 Sumqayıt 511
“Sumqayıt”ın “Master Cup”undan RƏNGLİ FOTOREPORTAJ

“Sumqayıt”ın təşəbbüsü ilə 2009, 2010 və 2012-ci il təvəllüdlü futbolçular arasında “Master Cup” bort futbol festivalı keçirilib.

Sportinfo.az xəbər verir ki, 3 gün ərzində Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş festivalda ümumilikdə 300-ə yaxın futbolçu iştirak edib.

İlk yarış günündə 2010-cu il təvəllüdlü futbolçulardan ibarət komandalar meydana çıxıb.

Reqlamentə əsasən 2 qrupun hər birində 4 komanda olmaqla keçirilən festivalın “A” qrupunda “Neftçi”, “Zəngəzur”, “Sumqayıt-1”, “Quba OİK”, “B” qrupunda isə “Sumqayıt City”, BFA, “Sumqayıt-2” və “Qəbələ” komandaları mübarizə aparıb.

Turnirin yarımfinalına “A” qrupundan “Neftçi” (3 oyun, 9 xal), “Sumqayıt-1” (3 oyun, 6 xal), “B” qrupundan isə “Sumqayıt City” (3 oyun, 9 xal) və “Sumqayıt-2” (3 oyun, 6 xal) vəsiqə qazanıb.

Yarımfinalda “Neftçi” “Sumqayıt City” üzərində 8:0, “Sumqayıt-2” isə “Sumqayıt-1” üzərində 4:2 qələbə qazanmaqla adlarını finala yazdırıblar.

Final mərhələsində “Sumqayıt-2” “Neftçi”ni 4:3 hesabı ilə üstələyərək turnirin qalibi olub. Festivalın 3-cüsü isə “Sumqayıt City” üzərində 3:0 qələbə qazanan “Sumqayıt-1” olub.

Turnirin 2-ci günündə 2009-cu il təvəllüdlü futbolçuların oyunları baş tutub. “A” qrupunda “Qəbələ”, “Şamaxı”, “Sumqayıt-1”, “Ərgünəş”, “B” qrupunda isə “Səbail”, “Sumqayıt-2” BFA və “Siyəzən” komandaları iştirak edib.

Yarımfinal mərhələsinə “A” qrupundan “Qəbələ”, “Sumqayıt-1”, “B” qrupundan isə “Səbail” və “Siyəzən” komandaları yüksəlib.

Adıçəkilən mərhələdə “Sumqayıt-1” “Səbail”i 4:2, “Siyəzən” isə penalti zərbələrində “Qəbələ”ni 4:3 üstələyərək finala yüksəliblər.

Finalda “Siyəzən”i 2:1 hesabı ilə məğlub edən “Sumqayıt-1” festivalın qalibi olub. Turnirin 3-cüsü isə “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanan “Səbail” olub.

Sonuncu yarış günündə isə 2012-ci il təvəllüdlü futbolçular mübarizə aparıb. “A” qrupunda “Neftçi”, “Səbail”, “Sumqayıt-1”, “Metak”, “B” qrupunda “Zəngəzur”, “Sumqayıt-2”, “Xan” və “Siyəzən” komandaları çıxış edib.

Yarımfinala “A” qrupundan “Neftçi” və “Sumqayıt-1”, “B” qrupundan isə “Xan” və “Zəngəzur” kollektivləri yüksəlib. Bu mərhələdə “Sumqayıt-1” “Xan”ı 2:1, “Neftçi” isə “Zəngəzur”u 4:2 məğlub edərək, finala vəsiqə qazanan tərəflər olub.

Finalda “Sumqayıt-1” və “Neftçi” komandaları üz-üzə gəlib. Rəqibi üzərində 5:1 hesablı qələbə qazanan “Sumqayıt-1” turnirin qalibi adına yiyələnib. 3-cü yerin sahibi isə “Zəngəzur”u 2:0 hesabı ilə üstələyən “Xan” komandası olub.

Hər yarış gününün sonunda turnir iştirakçıları medallarla, qaliblər isə kuboklarla mükafatlandırıb. Onu da qeyd edək ki, 3 gündə baş tutmuş 54 matçda qapılara ümumilikdə 326 top vurulub.

Xəbər Lenti