3-ü gəldi, 2-si yol üstədir – Hücumçu və mərkəz müdafiəçisi

18 Yanvar 2023 21:20 Sumqayıt 1 064
3-ü gəldi, 2-si yol üstədir – Hücumçu və mərkəz müdafiəçisi

Qış fasiləsində ciddi dəyişikliklərə məruz qalan “Sumqayıt” çempionatın ikinci yarısında yeni futbolçuların köməyinə bel bağlayacaq.

Hazırlıq mərhələsini Antalyada keçirən “kimyaçılar” Vüqar Bəybalayev, Rifat Nurmuqamet, Xəzər Mahmudov, Almir Aqanspahiç və Damian Daniçiçlə yollarını ayırıb.

Üstəlik, komandanın iki vacib legioneri – Riçard Qadze ilə Felipe Çabi də yola salımacaq.

Sözügedən futbolçuların komandanın Antalya toplanışına qatılmaması baş məşqçi Samir Abasovun ürəyincə deyil. Və hətta Azərbaycana qayıtmaq istəsələr belə, onların xidmətinə ehtiyac duymayacaq.

Bu qədər itkinin fonunda “Sumqayıt” hələ ki, braziliyalı Dieqo Karioka ilə yapon yarımmüdafiəçi Masaki Murata ilə münasibətlərini rəsmiləşdirib.

Ortaya ciddi problem çıxmasa, Tula “Arsenal”ının hücumçusu Kamran Əliyev də sumqayıtlıların gücünə güc qatacaq.

Lakin bu, heç də son deyil.

Belə ki, klub rəhbərliyi hazırda daha iki mövqenin gücləndirilməsi ilə məşğuldur. Biri hücum xəttidir, digəri müdafiənin mərkəzi.

Siyahıda bir neçə legionerin adı var. Klub rəsmiləri futbolçuların özləri və agentləri ilə danışıq aparır. Kimlər ki, karyerasını “Sumqayıt”da davam etdirməyə razılıq verəcək, onlar dərhal ölkəmizə dəvət olunacaq və rəsmi anlaşma imzalanacaq.

İlk matçda Serbiya “Radnik”ini 2:1 hesabı ilə məğlub edən “Sumqayıt” Antalyadakı sonuncu yoldaşlıq görüşünu yanvarın 17-də Rusiya Premyer Liqasının iştirakçısı “Krılya Sovertov”a qarşı keçirib ertəsi vətənə qayıdacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti