“Bu dəqiqə əsas məqsəd ümumi vəziyyəti yaxşılaşdırmaqdır"

11 Yanvar 2023 23:00 Sumqayıt 493
“Bu dəqiqə əsas məqsəd ümumi vəziyyəti yaxşılaşdırmaqdır"

“10 günlük istirahətdən sonra yenidən məşqləri bərpa etmək bir az ağır və yorucu olur.

Amma digər tərəfdən, futbol üçün darıxırsan, kollektivlə birlikdə olmaq istəyirsən”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında istirahətdən sonra məşqləri bərpa edən “Sumqayıt”ın qapıçısı Aydın Bayramov təlim-məşq toplanışı barədə danışarkən deyib.

Mövsümə Aleksey Baqa ilə başlayan və uğursuzluğa düçar olan “kimyaçılar” sonradan Samir Abasovun əlinə keçdi.

“Neftçi”nin sabiq çalışdırıcısı vəziyyəti kökündən dəyişə bilməsə də, yaxşı mənada nələrsə gözə çarpırdı.

Antalya toplanışını baş məşqçi üçün göydəndüşmə saymaq olar. Bu müddətdə komandasındakı əyər-əskikləri qaydasına salmalı, oyun təcrübəsinin yaxşılaşması üçün yetirmələrini yoldaşlıq görüşlərində iş başında görməlidir.

Aydın Türkiyədəki hazırlıq mərhələsinin “Sumqayıt”ın xeyrinə olacağına əmindir:

“Yanvarın 5-dən Antalyadayıq. Səhər fiziki hazırlığın yaxşılaşdırılmasına, axşam topla taktiki çalışmalara hesablanan məşqlər edirik.

Bu dəqiqə əsas məqsəd çatışmazlıqları aradan qaldırmaq, ümumi vəziyyəti yaxşılaşdırmaqdır".

Azərbaycan kubokunda mübarizəni dayandıran “Sumqayıt”, Premyer Liqada 18 turdan sonra topladığı 12 xalla “Kəpəz”lə 8-9-cu yerləri bölüşdürür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti