Samir Abasovun «qara siyahı»sı çoxdan hazırdır.
İki ay qabaqdan.
Aleksey Baqanı əvəzləyəcəyini dəqiq bildiyi gün bu işi görüb o. Dörd illik aradan sonra döndüyü komandanı pis-yaxşı tanıyırdı, legionerinə, yerlisinə bələd olmuşdu.
«Sabah»a məğlubiyyət onu şok etmədi. Gözləyirdi bunu.
Sadəcə, hesabın böyüklüyü Samir Abasovun beynini qarışdırdı. Deyə bilərəm. Ki, çırtma vursaydılar, qanı çıxmazdı.
0:6 Sibirin o soyuğuuda bir nazik pencək geyinmiş kimsəsizin bədəninin donması qədər ağrılı oldu.
«Sumqayıt»lılar 90 dəqiqə dondu qaldı. Göz açmağa fürsət tapmadılar. Axır iki turdakı qələbələrin, turnir cədvəlinin son pilləsindən qurtulmağın sevinci gözlərində qurudu, kədərə döndü.
Samir Abasov hansı komandaya döndüyünü bilirdi. Qoyub getdiyi komandadan əsər-əlamət qalmamışdı.
Sehrli çubuq yalnız nağıllarda olur, onun isə artıq əlində süpürgə var, yekə bir süpürgə. İndi ona ağız büzən olmayacaq ki, futbolçuların çoxunu xalçanın altına süpürməklə səhv edirsən.
Yanlışı o olar ki, bu oyunçuların əksəriyyətini qış fasiləsindən sonra düşərgədə saxlasın.
Ah-uf etmədən, tərəddüd keçirmədən qılıncı qından çıxarmalıdır. Mənasız və məsuliyyətsiz «başlar» getməlidir.
KAMİL

