Mövsümün gedişində “Sumqayıt”a baş məşqçi təyin olunan Samir Abasov komandasındakı bəzi legionerlərin səviyyəsindən razı deyil.
Sərəncamında olanlardan Riçard Qadze ilə Felipe Çabinin xidmətində maraqlıdır.
Bir də, maaşını “Başakşehir”in ödədəyi Alya Turenin qalmasına qarşı çıxmır. Onsuz da “Sumqayıt” qvineyalıya məvacib vermir.
Ouro-Nil Ture ilə Damyan Daniçiçi əsas komandadan uzaqlaşdıran 44 yaşlı çalışdırıcı Todor Todoroskinin də yola salınmasını istəyir.
Şimali Makedoniya millisinə dəvət alan sağ cinah müdafiəçisinin fiziki durumu və müdafiə olunmaq bacarığı baş məşqçini razı salmır.
Odur ki, qış fasiləsində onu yola salıb yerinə başqa əcnəbinin dəvət olunmasına dair rəhbərliyə fikrini çatdırıb.
“Kimyaçılar” Abasovun gəlişindən sonra çempionatda meydana çıxdığı 10 oyunda 9 xal qazanıb, Azərbaycan kubokunda “Kəpəz”ə məğlub olub. Sumqayıt təmsilçisi topladığı 12 xalla 10 komanda arasında 8-ci pillədə yer alıb.
Aleksey Baqanın dönəmində ilk 7 tura cəmi 3 xal qazanılmışdı.
HƏBİB / SPORTİNFO.AZ

