"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa özünə iş yeri tapıb.
Belaruslu mütəxəssis yenidən ölkəsində çalışacaq.
41 yaşlı mütəxəssis "Şaxtyor"la anlaşıb. Miliç Çuriçiçlə vidalaşan Soliqorsk təmsilçisi onunla 2 illik müqavilə imzalayıb.
O, 2021-ci ilin dekabr ayından bu ilin sentyabrınadək "Sumqayıt"a rəhbərlik edib. "Kimyaçılar" cari mövsümdə 41 yaşlı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi 7 oyunun 4-də məğlub olub, 3 dəfə isə heç-heçə edib.
Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba ikinci çempionluğu qazandırıb.
Belaruslı menecerlərdən birinin saytımıza verdiyi məlumata görə, son ölkə çempionu hazırda yaxşı dönəmdən keçmir.
Bunun da səbəbi sponsorlar kluba ayırdığı büdcəni ilbəil azaltmaqda davam edir:
“Belarus neçə ildir ağır sanksiyalarla üzləşib. İqtisadiyyat zəifləyib. Yüksək liqada çıxış edən komandaların əksəriyyəti pulsuzluqdan əziyyət çəkir.
1000-2000 dollardan artıq maaş verə bilmirlər. Bura yaxşı legioner gətirmək mümkün deyil.
Klublar Afrika və Orta Asiya bazarına yönəlməli olub. Elə legionerlər var ki, onlara 500 dollar ödənilir.
“Şaxtyor“, BATE və “Energetik“ digərlərinə baxanda nisbətən pullu sayılır. Turnir cədvəlində ilk üç yeri də bu komandalar tutur.
Ancaq adlarını çəkdiyim klublar da ötən günlərin həsrətini çəkir. “Şaxtyor“un əvvəl sponsorları güclü idi, bir neçə yüz min dollara legioner gətirirdilər.
Bu gün həmin imkanları yoxdur, ödəmələri aşağı düşüb. Soliqorsk klubunda cəmi 3-4 futbolçu illik olaraq 80-100 min dollar alır.
Baqanın fikri başqa ölkəyə getmək idi. Ancaq Azərbaycanda nəticələri pis olduğundan, yaxşı təklif almadı“.
SPORTİNFO.AZ

