"Sumqayıt"ın mövsümdəki ilk qələbə həsrəti ötən tur Gəncədə bitdi.
Samir Abasovun yetirmələri "Kəpəz"i minimal hesabla məğlub edərək (1:0) aktivinə 3 xal yazdıra bildi.
Bu tur daha bir həsrət başa çata bilər. Belə ki, "kimyaçlar" növbəti qələbə sayəsində turnir cədvəlinin "ən dərin" yerindən qurtulacaq.
Yerli tərəfdarlar komandanı son illər alışmadığı pillədə görməkdən yorulub.
Ardıcıl iki il avrokuboklara gedən, bürünc medal qazanan, kubokda finallar oynayan "kimyaçılar" uzun müddətdir sonuncu pillədə qərar tutub.
Xilas üçün rəqib də münasibdir. Söhbət "Səbail"dən gedir. Ölkə kubokunda "Sabah" üzərində qazanılan son qələbəyə aldanmayın. Bayıl təmsilçisi heç də xoş günlər yaşamır.
Mahmud Qurbanovun yetirmələri 7 görüşdü qələbəyə həsrətdir. Son 5 matçda isə xal qazanmaq müşkülə çevrilib. Sonuncu qələbə 2 ay əvvəl məhz "Kimyaçılar" üzərində qazanılıb.
Hazırkı durumda tərəflər arasında cəmi 1 xallıq fərq var. Sumqayıtlılar qələbə təqdirində minimum "Səbail"i arxada qoyacaq. "Kəpəz"in "Sabah"la qarşılaşdığını nəzər alsaq, 8-ci pilləyə yüksəlmək perespektivləri yüksəkdir.
İndi qalır, təcrübəli mütəxəssisin tapşırıqlarını meydanda doğru icra edib, ehtimalları doğrultmaq.
XANOĞLAN İMANOV

