Tanıdığım Samir Abasov. - Yerli futbolçular "Sumqayıt"da nədən ehtiyat etsin?

7 Dekabr 2022 19:40 Sumqayıt 584
Tanıdığım Samir Abasov. - Yerli futbolçular "Sumqayıt"da nədən ehtiyat etsin?

"Sumqayıt" mövsümdə ilk qələbəsini Gəncədə qazandı.

"Kəpəz" üzərində qələbənin (1:0) dəyəri böyükdür. Hər halda 15 turluq həsrət başa çatdı.

Xüsusi sevinmək, təm-təraqla qeyd etməyə dəyərdi. Ki, belə olduğu elə matçdan sonra Gəncə şəhər stadionunda yaşananlardan hiss etmək olurdu.

Futbolçulardan siravi işçilərə kimi hər kəs bir-birini qucaqlayır, təbrikləşirdi. Bunu yaşamayan, yəqin ki, tam dərk etməz.

Amma qərb təmsilçisi üzərində qələbə hələ hər şeyin arxada qalması demək deyil.

Artıq sevinci də, qırılan tilsimi də arxada qoymaq, qarşıdakı oyunlara köklənmək mütləqdir. Təbii ki, problemlərin üzərinə getməklə/həll etməklə.

Komandanın qidalanması, nəqliyyatı, məşq şəraiti Premyer Liqanın əksər klublarından üst səviyyədədir. Baş məşqçi də kifayət qədər sanballı biridir.

Bəs heyət? Hə, bax, əsl problemlər məhz buradan qaynaqlanır.

Əcnəbi futbolçularla bağlı bir neçə dəfə iradlar yazılıb, nöqsanlar dilə gətirilib. Görünən odur ki, Samir Abasov qış fasiləsində onların çoxunu haqqlı olaraq dəyişəcək. Proses başlayıb.

Bəs, yerlilər?

Məncə, Abasovun burada da bəxti o qədər gətirməyib. Elə götürək son qarşılaşmanı.

Təcrübəli Vüqar Mustafayev gərəksiz yerə qırmızı vərəqə aldı. Düzdü, Vüqar komandanın ən pis günündə də meydanda olan ən çalışqan futbolçulardan olub.

Maaşının haqqını artıqlaması ilə ödəyib. Belə olmasını əsla istəməzdi. Amma indiki məqamda o, qırmızı almaq yox, yoldaşlarını arxasınca daşımaqla önə çıxmalıdır.

Bir digər yerli Süleyman Əhmədov illərdi bu komandada çıxış edir. Özünü meydanda ən rahat hiss etməli olan futbolçudur. Lakin oyunun taleyin həll etməli epizodda topu tora yox, Gəncə şəhər stadionundan kənara vurur.

Hələ də “gənc futbolçu” mifindən qurtulmayan 21 yaşlı Rüfət Abdullazadəyə nə deyəsən?

Milli komandada oyna, davamlı Premyer Liqa təcrübəsi qazan, ancaq oyunun ən kritik məqamında və sadə vəziyyətdə yaxşı əks-hücum şansını adı top itkisi ilə puç et.

Heç nə olmayıbmış kimi də oyuna davam edir. Düz baş məşqçinin gözü qabağında. Nə üzüntü var, nə də narahatlıq.

Sanki kimsə ona "Sumqayıt"da oynaması ilə bağlı daha bir neçə ilin təminatını verib.

Yaşın azlığı bir kənara, ən azından fasilədə meydana çıxmaqdan utanmaq lazım deyilmi? Yəni güc var da.

Belə misalları uzatmaq da olar. Məncə, yetərlidir, yəqin ki, digərləri də öz paylarını götürmüş oldular.

Bəlkə, düşünürsüz ki, yerli futbolçu qıtlığı var, baş məşqçi məcbur da olsa bizi oynadacaq.

Yanılırsız, tanıdığım Samir Abasov bir gündə çoxunuzun "fatihə"sini verə bilər. Siz də inanın və ayılın!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti