Azərbaycanlı oyunçunun təpiklərinin izi burada "aradan qaldırıldı"

4 Dekabr 2022 21:00 Sumqayıt 525
Azərbaycanlı oyunçunun təpiklərinin izi burada "aradan qaldırıldı"

Noyabrın 11-də Premyer Liqanın 14-cü turu çərçivəsində baş tutan “Şamaxı” – “Sumqayıt” qarşılaşmasında meydan sahibləri 4:2 hesabı ilə inalı qələbə qazanmışdı.

Matç başa çatandan dərhal sonra Sumqayıtdan Şamaxıya gedən 50-yə yaxın fanat futbolçuları yanına çağırıb onlardan yenilginin hesabatını tələb etmişdi.

Həmin an azarkeşlərin narazılığına dözməyən Vüsal İsgəndərli tribunadakılara cavab qaytarmasa da, acığını stadionun oturacaqlarından çıxmışdı.

Qarşısına çıxan oturacaqları təpikləyən futbolçunun əməli İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılmışdı.

Nəticədə, komitə əsəblərinə hakim ola bilməyən İsgəndərlini 1 oyun cəzalandırmış, “Sumqayıt”a 2400 manat cərimə kəsmiş, stadiona dəymiş ziyanın klub tərəfindən ödənilməsinə dair qərar qəbul etmişdi.

Üstündən 1 aya yaxın vaxt keçdiyindən, dəyən ziyanın aradan qaldırılıb-qaldırılmadığını öyrənmək üçün “Şamaxı”nın mətbuat katibi Yusif Hüseynlə əlaqə saxladıq:

“Dəymiş ziyana görə ödənilməli olan məbləğ AFFA-nın hesabına köçür. Sualın cavabını assosiasiyadan ala bilərsiniz. Sıradan çıxmış oturacaqlar artıq yenisi ilə əvəzlənib”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti