Samir Abasov komandanı "təmizləməyə" kimlərdən başlayacaq?

1 Dekabr 2022 09:40 Sumqayıt 859
Samir Abasov komandanı "təmizləməyə" kimlərdən başlayacaq?

15 tur ərzində qələbə qazana bilməmək «Sumqayıt» adına ilkdir.

Mənfiliyə gətirib çıxaran səbəblər çox və müxtəlifdir.

Samir Abasov geri qayıdandan sonra ümid yaranmışdı ki, komandanı düzəldəcək və bunun üçün ona uzun zaman lazım gəlməyəcək.

Ancaq budur, «Sumqayıt» 8 turdur onun rəhbərliyi altındadır, di gəl, turnir cədvəlində qələbə qrafası yenə boşdur və yenə son pillədədirlər.

Sumqayıtlılar Samir Abasova simpatiya bəsləyir. Gözləntiləri çoxdur ondan.

Sözsüz, o da başa düşür ki. ümidləri doğrultmasa, üstünə gələnlərin, etiraz səsini ucaldanların sayı durmadan artacaq və onların qarşısını almaq gec olacaq.

Ancaq görürəm, Samir Abasov əhvalını pozmur, sakitcə davam edir. Ara-sıra komandayla bağlı narazılığını bildirir, bundan o yana keçmir.

Müqaviləsində bənd var: klubun əleyhinə işləyəcək hansısa fikir söyləsə və mətbuat bu deyilənləri tirajlasa, böyük məbləğdə cəriməyə məruz qalacaq.

Düşərgədəkilər, onsuz da, gərgindir, heç cür «qara zolaq»dan çıxa bilmirlər və bu da əsəbləri tarıma çəkib.

Samir Abasovun mediaya ötürəcəyi hansısa kobud açıqlama buranı barıt çəlləyinə çevirəcək və şübhəsiz, köhnə-yeni baş məşqçi həmin təhlükənin fərqindədir, hiss edir.

Odur ki, ehmalca tərpənir. Hər halda qış fasiləsinin elan olunmasına bir şey qalmayıb. Cəmi 3 turdan sonra istirahət qapısı rəsmən açılacaq.

«Qəbələ» ilə 1:1 bitən qarşılaşma Samir Abasova yaxşı mövzu verdi. Bəzi qərarları netləşdirmək, çıxdaş etmək üçün.

Aleksey Baqanın vaxtında qol vurmaq dəhşətli problemi dönmüşdü, o, bu işi yavaş-yavaş yoluna qoymaqdadır.

Ən böyük sıxıntı müdafiə ilə bağlıdır və güman edirəm ki, Samir Abasov yeni il öncəsi islahatlara elə buradan başlayacaq.

Ucuz qollar buraxmaq hər məşqçiyə ağır gəlir. O da yad planetdən gəlməyib, həmin hissləri yaşayır.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti