Utanmaq hissini itirən "Sumqayıt"lı futbolçular…

25 Noyabr 2022 23:40 Sumqayıt 500
Utanmaq hissini itirən "Sumqayıt"lı futbolçular…

“Sumqayıt” ölkə kuboku ilə də vidalaşdı.

Halbuki rəqib “dişə batan” komanda idi.

“Kəpəz”in nə büdcəsi, nə də heyəti “kimyaçılar”ı üstələmirdi. Amma iradələrinə nə söz? Sadəcə əhsən demək olar.

Bəli, qərb təmsilçisinin futbolçuları 90 dəqiqə meydanda döyüşdü, vuruşdu və sonda istədiyi nəticəni qoparmağı bacardı – 1:0.

Sumqayıtlılar isə yenə heç nə olmayıbmış kimi, 90 dəqiqə meydanda veyillənib, ora-bura var-gəl edib, final fiti olunca da veş-vüşlərin götürüb doğma şəhərə yan alıblar. Nə utanmaq var, nə də qızarmaq.

İnsan gərək aldığı pulun haqqını meydanda verməyi bacarsın. Kimisi üçün bu meydan yaşıl sahədi, kimisi üçün açıq səhnə, bina tikmək, sərnişin daşımaq, maqazində satıcı işləmək və.s, və.i.

Sumqayıtda digər meydanlarda çalışanları deyə bilmərəm, amma yaşıl sahəsində top qovanlar aldıqlarının heç qəpik-quruşu qədər də haqqını ödəmirlər.

Vallah Samir Abasovun yerinə olsam, 3-5 nəfər döyüşən, məğlubiyyətləri nə meydanda, o nə də ondan kənarda özünə sığışdırmayanlar xaric, digərlərin elə Gəncə Hava Limanından yola salardım vətənlərinə. Getsinlər başqa peşə tapsınlar, azərbaycanlılar da yanlarında.

Bu qədər xaraktersizlikmi olar?

Yəni sözü bir yerə qoyub, bircə oyun döyüşəcək qədər də ruhunuz yoxdumu sizin?

Görünən odur ki, hətta bu qədər ruhsuzdular.

Matçdan sonra baş məşqçi Samir Abasovun fikirləri də məhz bu ruhsuzluğa, xaraktersizliyə verilən mesaj idi – “Məğlubiyyətlə barışmamışdım. Heç vaxt da barışmayacam. Sadəcə olaraq, bütün vəziyyəti anlayıb, səbrli və təmkinli olmağa çalışıram”.

Bəli, məğlubiyyətlə barışmayan Abasov da sizin ruhsuzluğunuzla barışıb. Futbolçuya taktikanı vermək olar, fizikasın da artırmaq olar, amma meydanda ürəyini qoyacaq ruh vermək olmaz.

Bu, futbolçunun içində, genində olmalıdır. Ki, hazırkı əksər “Sumqayıt”lıda bunu görmürük.

Olması üçün isə nəinki Abasov, heç Qvardiola, Maurinyo da gəlsə, yetərli olmayacaq. Yola salmaq lazımdır, yola!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti