“Mən ona görə xoşbəxtəm” - "Sumqayıt"ın qanalı hücumçusu

17 Noyabr 2022 01:10 Sumqayıt 423
“Mən ona görə xoşbəxtəm” - "Sumqayıt"ın qanalı hücumçusu

"Dünya çempionatı Qana yığması üçün çətin, amma maraqlı olacaq".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sumqayıt"ın qanalı futbolçusu Riçard Qadze ölkəsinin bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şansları barədə danışarkən deyib.

"Qara ulduzlar" mundialda Portuqaliya, Uruqvay və Cənubi Koreya ilə birlikdə H qrupunda mübarizə aparacaq. 28 yaşlı hücumçu Avropa və Cənubi Amerika təmsilçiləri ilə görüşlərin daha maraqlı keçəcəyini bildirib:

"2014-ci ildəki mundialda Portuqaliyaya uduzmuşduq. Bu baxımdan qarşılaşma gərgin keçəcək.

Bizi həmçinin Uruqvayla gərgin oyun gözləyir. Çünki DÇ-2010-dakı qarşılaşma hələ yaddan çıxmayıb. Bu, turnirin ən yaxşı matçlarından biri ola bilər".

Təcrübəli forvard "Qarabağ"da çıxış edən həmyerlisi Ovusu Kvabenanın DÇ-2022-dən kənarda qalmasına da toxunub:

"Bəli, Ovusu yaxşı formadadır və mən ona görə xoşbəxtəm. Düşünürəm ki, o, bu cür oynamağa və əlindən gələni etməyə davam etməlidir.

Diqqəti üzərinə çəkməsi və milliyə çağırılması üçün doğru vaxt gələcək".

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti