4 min manatlıq 2 cəzanın TƏFƏRRÜATI – O, kimi söyüb?

15 Noyabr 2022 20:00 Sumqayıt 714
4 min manatlıq 2 cəzanın TƏFƏRRÜATI – O, kimi söyüb?

İntizam Komitəsinin 13-cü turun yekunları ilə bağlı qərarları arasında ən diqqətçəkən cəza Samir Abasovla Anar Niftəliyevə verildi.

“Sumqayıt”ın baş məşqçinin durumu məlumdur. Abasov oyunun gedişində həmkarı Laurentsiu Regekampfın ünvanına xoşagəlməz ifadələr işlətdiyi üçün texniki zonadan qovuldu və komitə ona 5 oyun cəza, üstəgəl, 4 min manat cərimə kəsdi.

Eyni durumla Anar Niftəliyev də üzləşdi. Qapıçılarla işləyən məşqçinin “Şamaxı” – “Turan Tovuz” görüşündə azarkeşlərin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə.

Lakin söhbətin hansı komandanın azarkeşlərinə edilən təhqirdən getdiyi izah olunmayıb. Niftəliyevin “Şamaxı”nın, yoxsa “Turan Tovuz”un tərəfdarlarını söyməsi sual mövzusudur.

Həmin gün stadionda hadisənin hal şahidi olan biri kimi məsələnin kökündən haliyəm.

Deməli, matç başa çatan kimi yerli azarkeşlər məğlub olan yerli komandanın ünvanına təhqiredici ifadələr işlədəndə, “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov ayaq saxlayıb narazı fanatlardan səbrli davranmağı tələb edib nə üçün bu cür davrandıqlarını soruşdu.

Həmin an Abbasovun yanından keçən Anar Niftəliyev vaxtilə birlikdə çalışdığı baş məşqçini qucaqlayıb paltardəyişmə otağına aparmaq istəyəndə tribunalardan söyüş ifadələri eşidildi.

Niftəliyev təhqirlərə dözməyib söyüş söyən azarkeşə eyni üsulla cavab verdi. Lakin İntizam Komitəsinin qərarında Anar Niftəliyevin cəzası nədənsə “azarkeşə qarşı təhqiredici ifadə” yox, “azarkeşlərə qarşı təhqiredici ifadə” kimi göstərilib.

Deyək ki, Anar Niftəliyev 5 oyunluq cəzasını çəkib 4 min manatı ödəyəcək. Maraqlıdır, növbəti oyunların birində azarkeşlər başqa bir məşqçini, yaxud futbolçunu qulaqlar eşidə-eşidə təhqir edəndə, söyülən adam nə edəcək?

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti