Samir Abasov nə deyib, yaxşı deyib, hələ az deyib!

12 Noyabr 2022 14:00 Sumqayıt 1 527
Samir Abasov nə deyib, yaxşı deyib, hələ az deyib!

Premyer Liqada 14 tur arxada qalmaq üzrədir.

Elə «Sumqayıt» da hamıdan arxada qalmaq üzrədir.

Mövsümün qələbə üzü görməyən yeganə iştirakçısı bu komandadır.

Turnir cədvəlinin son pilləsində məskunlaşan «Sumqayıt»ı oradan uzaqlaşdırmaq Samir Abasova gözləniləndən və düşünüləndən daha çətin olacaq.

Doğrudan da, çatışmazlıqlar çoxdur, hətta deyərdim, saysızdır. Samir Abasov haradan başlasın, kimdən başlasın…

Bəlkə də adam başını itirib. Ki, vay dədəm vay, mən hara düşmüşəm.

«Sumqayıt» əsl məşqçilik bacarağını üzə çıxarmaq mənasında Samir Abasov üçün gerçək imtahan otağıdır.

Buradan sağ çıxdısa (komandanı düşdüyü vəziyyətdən qurtarsa), day ona zaval yoxdur, həmişə çörək qazanacaq.

Aleksey Baqa yayda etdiyi yanlış legioner transferləri ilə «Sumqayıt»ı diz üstə qoyub. Belaruslu hansı ağılla, hansı fikirlə, hansı məqsədlə seleksiyada belə səhvlərə yol verib, bunun özü müəmmalıdır və araşdırmalıdır.

Əcnəbilərsiz «Sumqayıt» indikindən qat-qat üstün idi. Samir Abasov Aleksey Baqanın xətalarını görür, sadəcə, əlindən heç nə gəlmir. Bu heyəti o, yığmayıb deyə, üstünə getmək də olmur.

Şamaxıda qapısından 4 tor buraxan və uduzan komandadan çoxları uzaqlaşdırılmalıdır. İki-üç nəfər saxlanıla bilər, uzaqbaşı.

Nə hücumçular, nə müdafiəçilər… Bir yerə yığıb, qatara, təyyarəyə, avtobusa mindirmək onlara hörmət etmək kimi olar.

Hamısını kotana qoşub, əkin sahəsinə göndərmək lazımdır. Qoy, gedib yer şumlasınlar. Əllərinə bel götürüb, torpağı belləsinlər.

Tikandan, alaqdan, daş-dağardan təmizləsindər. Amma futbol sahəsinə, o yaşıl sahəyə ayaq basmasınlar.

Geyindiyi formanın qədrini bilməyən, aldığı pulun qarşılığını verməyən, məğlubiyyətdən daxil sızıldamayan qrupun bu meydanda nə işi var axı.

Samir Abasov dünənki oyundan sonra onlara nə deyibsə, azdır. Daha çoxunu haqq edirlər.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti