"Sumqayıt" Şamaxı səfərindən məğlub qayıtdı - 2:4.
Halbuki komanda ötən tur "Neftçi"dən xal almaqla (2:2) bu görüşə böyük qələbə ümidi yaratmışdı.
Amma Cavid Hüseynovun yetirmələri göstərdi ki, bu barədə düşünmək hələ tezdir.
Abasova kimi qol vurmaqda sıxıntı yaşayan komanda indi də müdafiədə ciddi səhvlərlə yadda qalır. Görünür, ön xəttə daha çox diqqət ayrılması buna yol açır.
Ön xəttdəki dirçəlişi isə ümumi komandanın adına yazmağa da adamın dili gəlmir.
Çünki böyük ölçüdə yük Vüsal İsgəndərlinin üzərinə düşür. Hər iki cinahda oynamaq bacarığı olan vingerdə istədikləri alınanda qollar daha rahat gəlir. Komanda daha inamlı və məhsuldar görünür.
Əks halda isə "kimyaçılar"ın qol vurmaq çətinliyi yenə özünü əyani göstərir.
Əbəs deyil ki, Samir Abasovun gəlişindən sonra "Gənclik şəhəri" təmsilçisi rəqib qapılarından 5 top keçirib. Və həmin qollardan birinin müəllifi olan İsgəndərli 2 qolun da asistini edib.
Maraq üçün bildirək ki, Aleksey Baqanın dönəmindən vurulan yeganə qol da 27 yaşlı yarımmüdafiəçiyə qarşı edilən qayda pozuntusundan sonra penaldan vurulmuşdu.
Yeni məşqçinin gəlişindən sonra o, daha da parlamağa başlayıb. Amma bir güllə bahar olmadığı kimi, bir parlaq sima ilə də "Sumqayıt" düzələnə oxşamır.
Ya baş məşqçi heyətdə başqa bir neçə futbolçunu da kəşf etməlidir, ya da kənardan mütləq yeni istedadlar heyətə cəlb olunmalıdır. Ki, komandada stabil oyun, stabil nəticələr ortaya qoyula bilsin.
XANOĞLAN İMANOV

