“Sumqayıt” “Neftçi”ni doğma meydanda büdrətməyi bacardı – 2:2.
Matçda iki dəfə hesabda önə çıxan meydan sahibləri yekunda bərabərliyə razılaşmalı oldu.
Qələbə qazanmağa isə ya şanssızlıq, ya da futbolçuların ustalıq səviyyəsi imkan vermədi.
Çünki sona yaxın əla əks-hücumlara çıxan “kimyaçılar” bir neçə dəfə 100%-lik qol epizodların dəyərləndirə bilmədilər.
Qarşılaşma Abasovun yetirmələri üçün yalnız güclü rəqibdən 1 xal almaqla yadda qalmadı. Bu, işin nəticəsini tabloda əks etdirən görüntüdür.
Mütəxəssisin bir çox siqnallarını isə futbolçular meydandakı hərəkətləri ilə vermiş oldu. Deməli, bu komandada oynamaq fərasəti, qabiliyyəti varmış. Elə qolçuluq bacarığı da.
Sadəcə, onu açmaq, üzə çıxarmaq lazımmış. Dünənə kimi Samir Abasovun adına görə "Sumqayıt"ın yaxşı gələcəyinə bel bağlayırdıqsa, indi bunu statistikada, nəticədə və oyun elementlərində görmüş olduq.
Təsəvvür edin ki, arxada qalan 12 turda cəmi 2 qol vuran kollektiv eyni sayda qolu “ağ-qaralar”ın qapısından keçirmiş oldular. 12 oyun 2 qol və 1 matçda 2 qol. Fəlakətli olduğu qədər, həm də sevindirci məqamdır.
Təbii ki, hücum fazasındakı aktivlikdə heyətə yeni cəlb edilən Riçard Qadze də böyük qatqı qatmış oldu. Almir Aqanspahiçdən daha ucuz və daha faydalı.
Hələ unutmayaq ki, qanalı ideal formasından çox uzaqdır. O, üstünə qoysa, komandası bu üstünlükdən hələ çox yararlanmış olacaq.
Hər halda hər zaman seleksiya işinin zəif olmasına görə haqqlı tənqid olunan çalışdırıcının ilk addımı öz bəhrəsini ilk fürsətdəcə vermiş oldu. Bu, Samir bəyin sərəncamına qatdığı ilk kadrıdı.
İndi qalır davamını da Qadze kimi gətirmək. Son oyun ümid verir ki, qışa qədər bu heyətlə də “Sumqayıt” aktivindəki xalların sayını zəngiləşdirə bilər.
Amma heyətin gücləndirilməsi qaçılmazdır. Əgər qışda heyətə qatılacaq yeni simalar da Qadze kimi tez adaptasiya olub, tez fayda verə bilsələr çempionata yeni gərginlik gətirəcək “Sumqayıt”ı görə bilərik.
Elə fanatların böyük coşğu ilə sonda komandanı yanına çağırmasının, alqışlamasının arxasında da həmin ümid dayanır.
XANOĞLAN İMANOV

