QISAS ANI: Bu adama görə hamı stadiona axışacaq, təzyiq artacaq

5 Noyabr 2022 17:00 Sumqayıt 1 079
QISAS ANI: Bu adama görə hamı stadiona axışacaq, təzyiq artacaq

Noyabrın 5-də Sumqayıtda turun ən prinsipial qarşılaşması baş tutacaq.

Düzdür, “Sumqayıt”la “Neftçi” Premyer Liqanın turnir cədvəlinin əks qütblərində qərarlaşıb.

Amma ortada elə bir prinsipiallıq, daha doğrusu, elə bir adamın qisası var ki... Bunu “Sumqayıt”dakılar və Sumqayıtda yaşayanlar daha yaxşı bilir.

Təxminən 2 il müddətində “Neftçi”nin baş məşqçi postunda “əyləşən”, orada olduğu müddətdə gördüyü işlərlə alqış qazanan və ən əsası, 8 illik fasilədən sonra “Neftçi”ni qızıl medallara daşıyan Samir Abasov bu gün “Sumqayıt”da əsas söz sahibidir.

44 yaşlı çalışdırıcı “ağ-qaralar” öz xoşu ilə tərk etməmişdi.

Çempionluğu əldə etdiyi ilin yayında komandanın avrokuboklarda uğursuzluğa düçar olması, bakılıların ötən mövsüm çempionluqdan və ölkə kubokundan uzaq düşməsi “Neftçi” rəhbərliyinin qəzəbinə səbəb olmuş, nəticədə Samir bəylə başa çatan müqavilə yenilənməmişdi.

Abasov komandadan ayrılmaq istəyində deyildi. “Neftçi”dəki problemlərin tək özündən qaynaqlanmadığını deyir, 8 illik fasilədən sonra “ağ-qaralar”ı çempion edən məşqçiyə şans verilməsini istəyirdi. Amma rəhbərlik gözləmədi. Samir Abasovu göndərdi, yerinə rumın Laurentsiu Regekampfı gətirdi.

Hə, indi sumqayıtlı çalışdırıcı üçün doğma şəhərində və xətrini əziv tutan azarkeşlərin dəstəyi altında qısas anıdır. “Kimyaçılar”ın məğlubiyyətləri sıraladığı dönəmdə “Neftçi”ylə oyun başqa bir ab-havada, xüsusi prinsipiallıqla keçəcək.

Abasov ona qapını göstərən Kamran Quliyevə, yerinə gələn Regekampfa məşqçilik bacarığını göstərmək üçün dəridən-qabıqdan çıxacaq. İndi Sumqayıtın ürəyi futbolla döyünənləri noyabrın 5-i saat 19:00-ı gözləyir.

Elə biz özümüz də...

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti