Samir Abasovun İMTAHANI

24 Oktyabr 2022 11:00 Sumqayıt 899
Samir Abasovun İMTAHANI

«Sumqayıt» Samir Abasovla çıxdığı dördüncü oyunda üçüncü məğlubiyyəti «Zirə»dən aldı.

Beləcə, qələbəsizlik seriyası 11 tura çatdı.

Hələ nə qədər belə davam edəcək, bunu köhnə-yeni baş məşqçinin özü də bilmir. Amma o, narahat deyil. Özünə və bacarığına arxayındır. Bir də klub rəhbərliyinə.

Əlbəttə, Samir Abasov yenidən «Sumqayıt»ı götürəndə, onu nə dərəcədə ağır və gərgin iş gözlədiyini təxmin edirdi. O, bunu bilə-bilə bu yükün altına girməyə razılıq veribsə, şübhə eləmirəm, şərti şumda kəsib.

Riad Rəfiyevlə hər xırdalığı oturub danışıb, müzakirə edib, razılaşdırıb. Üçillik müqavilə bağlanılıb - bu, o deməkdir ki, lazım gəlsə, Samir Abasov komadanı sıfırlayacaq, hər şeyi yenidən quracaq.

Proses ona doğru gedir. Qələbə yoxdur, məğlubiyyət çoxdur - Rəfiyev bu dəfə baş məşqçini dəyişən deyil. Dəyişən futbolçular olacaq: yerlisi və legioneri qarışıq.

Qış fasiləsinədək olan hər tur bütün oyunçular üçün bir sınaq meydanıdır. Aleksey Baqaya indi pis məşqçi demək olmur. Samir Abasovun nəticələri ondan da bərabaddır.

Bu da göstərir ki, məşqçini məşqçi edən, yüksələn və endirən futbolçulardır, onların keyfiyyətidir. Keyfiyyət aşağıdırsa, hansı bağban gəlsə, oranı bağ edə bilməyəcək.

Əvvəl Baqanın, bu gün Abasovun üzləşdiyi vəziyyət kimi.

Hazırda Premyer Liqada qütbləşmə gedir. Liderlər qrupu ilə «ortabablar sinfi»ni bir-birindən «nazik tel» ayırır, autsayderlər isə turnir cədvəlinin «dib»ində vurnuxmaqdadır.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti