"Sumqayıt" yenə məğlub oldu. Komanda bu dəfə doğma publika önündə "Zirə"yə boyun əydi.
Əslində meydan sahibləri matça pis başlamamışdı. Sadəcə penaldan buraxılan qol Samir Abasovun yetirmələrin sındırmış oldu.
Ümumiyyətlə, hazırkı "Sumqayıt"ın ən böyük bəlası hücumda nöqtəni qoya bilməməsidir. Məsələn, son oyunda ilk qolu onlar vursaydı, çətin ki, "Zirə" oyunu çevirə bilərdi.
İndiki heyətlə isə bu problemin həlli müşkül görünür. Çünki sabiq çalışdırıcı Aleksey Baqa öz fəlsəfəsinə uyğun futbolçuları komandaya cəm edib.
O fəlsəfə isə ondan ibarətdir ki, top ancaq cinahlara yayılsın və asmalar edilsin.
Hücum fazası Damian Daniçiç, Todor Todoroski və Almir Aqanspahiç üçlüsündən asıldır. Uyğun olaraq sol-sağ cinahlar davamlı topla təmin edilməli və onlardan gələn hava ötürmələrin Almir tamamlamalıdır. Təbii ki, heyətin digər fərdləri də bu düşüncəyə uyğunlaşdırılıb. Belaurslu ekstra variant, başqa element, başqa düşüncəyə yer qoymayıb.
Hətta Samir Abasov bu düşüncəyə əks olsa belə, futbolçulardakı cinaha meyillilik şərti refleks olaraq öz işini görür.
Bu isə sistem də yox, sadəcə bir oyun elementi, hücum tərzidir. Hər oyun istənilən komanda bu tərzdə hücumlardan bir neçə dəfə istifadə edir.
Amma 90 dəqiqə bununla uğur qazanmaq müşkül məsələdir. Arxada qalan 11 tur da buna əyani sübutdur. Artıq ilk turlardan rəqiblər bunu kəşf edib və əks tədbrilər də rahatlıqla görülür.
Həm də görünən odur ki, "kimyaçılar"ı bu bəladan qurtarmaq üçün beynləri təmizləmək yox, məhz elə həmin futbolçuların özünü dəyişmək lazım olacaq.
Samir Abasovun ikinci yolu seçdiyi sonuncu mətbuat konfransındakı fikirlərindən aydın sezildi. Artıq o da dərk edir ki, bu futbolçularla yeni fəlsəfə qurmaq mümkünsüzdür. Qışa isə az vaxt qalmır. Səbr edib gözləməkdən başqa çarə də yoxdur.
XANOĞLAN İMANOV

