"Sumqayıt" Samir Abasovun rəhbərliyi altında ikinci məğlubiyyətini aldı.
Komanda layiqli mübarizə apardığı "Qarabağ" səfərində önə çıxsa da sonda məğlubiyyətlə barışmalı oldu - 1:3.
"Kimyaçılar"da Abasovun gəlişindən sonra müsbət cizgilər, daha intizamlı komanda ruhu hiss olunmaqdadır.
Amma problemlərin həllinə daha çox zaman lazımdır. İndiki komanda ilə nəinki nəsə ciddi uğur qazanmaq, hətta ilk altılığa düşmək belə çətin görünür.
Amma bu əsnada Abasov kənar məsəllərə də zaman ayırır. Belə ki, ağdamlılarla matçdan sonra "CBC Sport"a açıqlama verən mütəxəssis kanal əməkdaşlarına "Mənim "Neftçi"dəki son ilimi müqayisə edəndə, ondan əvvəlki ili də unutmayın. "Qarabağ"ı 8 nəfərlər udmuşuq. Son turda iki xal geridə olduğumuz halda qalib gəlib çempion olmuşuq" - deyə, irad bildirib.
Haqqlı iraddır. Həqiqətən də Samir bəyin "Neftçi"dəki son ili müzakirə olunursa, mütləq çempion olduğu daha əvvəlki il də yaddan çıxarılmamalıdır.
Görünür, bu gün, dünən, bəlkə də həftələrdi Abasov bu narazılığını beynində var-gəl edirmiş. Hər halda ilk fürsətdəcə bunu aşikar etməsi belə deməyə əsas verir.
Məncə, gənc mütəxəssis belə şeylərə zaman ayırmaqdansa, beynini yormaqdansa bütün fikirlərini hazırda olduğu kluba kökləsə daha yaxşı olar. Gündəm olan fikirlər bir müddət sonra yaddan çıxacaq. Amma klubdakı işlər hər zaman xatırlancaq.
Samir bəy, ən yaxşısı boş verin o söhbətləri. Gör(ül)məli işləriniz çoxdur. Buna isə böyük zaman lazımdır. Məhz "mən qurmalıyam" dediyiniz komandanı qurmaq üçün. Siz bunu bacaracaq gücdəsiniz. Yetər ki, tam gücünüz, enerjiniz, fikriniz ilə olduğunuz yerə köklənəsiniz.
XANOĞLAN İMANOV

