«Sumqayıt»ın bu mövsüm Aleksey Baqa ilə keçirdiyi ən yaxşı oyun «Qarabağ»a qarşı olmuşdu.
Sumqayıtda keçirilən qarşılaşmanı çempion son dəqiqələrdə vurduğu qollarla qazanmışdı.
Halbuki oyunun böyük hissəsi ev sahibləri üçün yaxşı alınmış, 2-3 real qol epizodu yaxalamışdılar.
Həmin «Sumqayıt» Suraxanıda da «Qarabağ»a özünü göstərdi. Bu dəfə Samir Abasovla. Köhnə-yeni komandasını üçüncü dəfə meydana çıxaran Abasovun işini bəyəndim.
Hər halda Qurban Qurbanov da matçsonrası mətbuat konfransında təsadüfən «Sumqayıt»ı tərifləmədi, intizamlı müdafiə olunmasına diqqət çəkdi.
Bu, doğrudan da, belədir. Abasovun futbolçulara yanaşması Baqadan fərqlidir. Elə heyət və taktiki baxışları da.
Düzdür, o, hələ də axtarışdadır, futbolçuları ələkdən keçirir. Demək olar hamıya yoxlanışdaymış kimi yanaşır.
Vaxt verib, kim qış fasiləsinədək özünü göstərə bilsə, qalacaq, bilməsə, gedəcək. Bu, ən çox legionerlərə aiddir.
Belaruslu baş məşqçinin transferinə razılıq verdiyi 9 əcnəbinin yalnız 3-4-nü son turlarda gözə dəyir.
Gəldiym təəssürat budur ki, Samir Abasov vəziyyətdən çıxış yolunu yerlilərə üstünlük verməkdə görür və məncə, nicat da bundadır. Yenə də xeyirlisi!
Əsas odur ki, yeni baş məşqçi köhnə iş yerinə özünə inanaraq qayıdıb və çətin şərtlər altında çalışmaqdan çəkinmir.
Bu oyundan sonra bəndənizdə inam yaranıb ki, Abasov «Sumqayıt»ı quyunun dibindən çıxaracaq.
MUSA

