«Sumqayıt»da təcili dəyişiklik edilməlidir. İslahatlara gecikmədən başlamaq lazımdır.
Yayda alınan 9 legionerin yarıdan çoxu düşərgədən kənarlaşdırılmalıdır.
Samir Abasov bunun üçün qış fasiləsini gözləməməlidir. Nə qədər ki iş-işdən keçməyib, paltardəyişmə otağının qapılarını xoşuna gəlməyən əcnəbilərin üzünə bağlamalı, ölkələrinə yola salmalıdır.
Onsuz, vəziyyət düzələn deyil, ona da oxşamır.
Abasovun 4 illik fasilədən sonra dönüşü gözlənilən kimi alınmadı. Öncə Sumqayıtda «Kəpəz»lə qolsuz heç-heçə etdilər.
Qonaqlar üstün təsir bağışladıqları matçda bir də penalti epizodunu qaçırdılar. «Səbail» isə qələbə fürsətini boşa vermədi.
Daha bir neçə epizod oldu ki, onda da bəxtləri gətirmədi, yoxsa hesab böyüyəcəkdi. «Sumqayıt»da yerlilərin gəlmələrdən xoşlanmadığı görünür.
Aralarında səviyyə fərqi yoxdur, amma legionerlərin daha çox pul qazanması digərlərini qıcıqlandırır.
Samir Abasovun gəlişi onları bir qədər də hərəkətə gətirib. Həm elə, həm belə.
Aleksey Baqanın vaxtında komanda, heç olmasa, arabir hücuma keçirdi, rəqiblərin cərimə meydançasına yaxın gedirdi, qol epizodu yaxalayırdı.
Fikir verirsizsə, iki turdur bunlar da ərşə çəkilib. Standart vəziyyətlər olmasa, «Sumqayıt»lılar meydanın mərkəzini də adlamaz.
Yarımçıq komanda bu olsun gərək!
Xəzər Hikmət

