Samir Abasovun onun arxasınca "asıb-kəsmiş" Tərlan Əhmədovla QARŞIDURMASI

2 Oktyabr 2022 16:00 Sumqayıt 1 194
Samir Abasovun onun arxasınca "asıb-kəsmiş" Tərlan Əhmədovla QARŞIDURMASI

Bu gün Premyer Liqada VIII tura Sumqayıtda yekun vurulacaq.

Şəhərin eyniadlı kollektivi "Kəpəz"lə üz-üzə gələcək.

Hazırda 3 xala malik komandalar 8-9-cu yerləri bölüşdürür. Tərəflər indiyədək Premyer Liqada 20 dəfə qarşılaşıblar.

8 dəfə "gənclik şəhəri" təmsilçisi, 5 dəfə Gəncə klubu qalib gəlib. Topların nisbətində də "Sumqayıt" öndədir - 28:22.

Bir sözloə, Samir Abasovun köhnə klubuna dönüşü ona kifayət qədər yaxşı tanış olan Tərlan Əhmədova qarşı olacaq. Bu iki məşqçi arasında münasibətlər yaxşı deyil.

Ötən tur «Şamaxı» üzərində 2:1-lik qələbə ilə «Kəpəz»də ilk qalibiyyətini qeyd edən Əhmədov dəfələrlə özündən yaşca kiçik həmkarının «bostanına daş atıb».

Bu, Abasovun «Neftçi»də çalışdığı, onun isə işsiz-gücsüz qaldığı dönəmə təsadüf eləyir. Belə ki, Əhmədov istər telekanallara, istərsə də ayrı-ayrı saytlara verdiyi müsahibələrdə Samir bəyin «Neftçi»sini kəskin tənqid atəşinə tutub, az qala onu «torba tikən» adlandırıb.

Bildirib ki, o, «Neftçi»də işlədiyi vaxt idman direktoru Ceyhun Sultanov onda «Sumqayıt»ın başında dayanmış Samir Abasovu payiaxt klubuna gətirməyə çox səy göstərib.

Sultanovun həmkarıyla birləşərək, ayağının altını qazmasını iddia etməkdən çəkinməyən Əhmədov «özgəsinə quyu qazan özü düşər» misalına eyham vurub.

Dörd ildən sonra «Sumqayıt»a dönmüş Abasovun indi cavab vermək üçün əlinə yaxşı fürsət düşüb. Görək, o, özündə cəsarət tapıb, Əhmədovun cavabını meydanda verə biləcəkmi?

Abasov hər nə qədər «mən mətbuatı yaxından izləmirəm, haqqımda yazılan və deyilənlərlə maraqlanmıram» söyləsə də, bizə bəllidir ki, bütün bunlar, sadəcə, sözdür.

Samir bəy hamını və hər kəsi addımbaşı izləyir, barəsində danışılan mənfi fikirləri qalın «kin dəftəri»nin bir küncünə qeyd edir. Sabah, yaxud bir gün ona lazım olacağı üçün.

Tərlan Əhmədov tək-tük məşqçilərdəndir ki, kolleqa etikasına məhəl qoymur. «Həmkar həmkarının arxasınca danışmaz» deyimi ona çatmır, belə həssas məqamları anlamır.

Çün özü həmişə onun-buna «quyu» qazaraq, kimlərisə minnətçi salaraq iş başına keçib. «Adımı sənə qoyum, səni də yana-yana» - bax, bu misal elə Əhmədovun özü üçün deyilib.

KAMİL

Xəbər Lenti