“Özümə hörmət edən insanam, 1 gün də qalmazdım” – Samir Abasovun açıqlamasına münasibət

30 Sentyabr 2022 19:40 Sumqayıt 1 450
“Özümə hörmət edən insanam, 1 gün də qalmazdım” – Samir Abasovun açıqlamasına münasibət

Samir Abasov 4 aylıq fasilədən sonra yenidən Premyer Liqaya döndü.

Sumqayıt futbolunun yetirməsi bundan sonra ona doğma olan şəhərin eyniadlı komandasını çalışdıracaq.

44 yaşlı mütəxəssis artıq köməkçilərini seçərək yeni iş yerində fəaliyyətə başlayıb.

Ona Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov və Aleksey Baqanın dönəmindən qalan Qoran Başiçlə Emil Babayev kömək edəcək.

Samir bəyin təyinatından dərhal sonra sual doğuran məqam vaxtilə onunla “Sumqayıt”da və “Neftçi”də çiyin-çiyinə çalışmış Etibar Tanrıverdiyevin bu dəfə kənarda qalmasıydı.

Baş məşqçi qapıçılarla çalışan sabiq köməkçisinə bu dəfə etimad göstərməyib.

Samir Abasov təyinatından dərhal sonra jurnalistlərlə söhbətdə məlum məsələ ilə bağlı maraqlı açıqlama verib:

“Etibar müəllimlə danışmışıq. Bizim aramızda və klubla mənim aramda olan detallardır. Gələcəkdə onunla bir yerdə işləsəm, təəccüblənməyin. Bu, işin gedişatıdır, normaldır”.

Abasovun “gələcəkdə onunla bir yerdə işləsəm, təəccüblənməyin” açıqlamasının arxasında nəyin dayandığını müəyyən etmək çətin deyil. Adam Tanrıverdiyevin nə vaxtsa yanında olacağına açıq mesaj verib.

Bu açıqlama isə hazırda “Sumqayıt”da qapıçılarla işləyən məşqçi Emil Babayevi düşündürməlidir. Axı, Etibar bəyin gəlişi Babayevin komandadan ayrılmasına səbəb olacaq.

Məlum müəmmaya aydınlıq gətirmək, Emil bəyin fikirlərini öyrənmək üçün vaxtilə Moskva ÇSKA-sında çalışmış mütəxəssislə əlaqə saxladıq:

“Samir Abasovla salam-sağolumuz olsa da, indiyə qədər heç vaxt birlikdə çalışmamışdıq. Bu, ilk işbirliyimiz olacaq. İndiki məqamda bir yerdə işləməliyik ki, irəliləyən zamanda hansısa nəticə çıxarmaq mümkün olsun.

Başa düşürəm, Etibar Tanrıverdiyevlə uzun illər birliklə çalışıblar, bir-birini yaxından tanıyırlar. Amma mənimlə danışıqda Etibar müəllimlə bağlı danışmadıq.

Baş məşqçi komandaya yeni gəldiyi gün söhbətimiz oldu. Danışdıq, razılaşdıq, işə başladıq.

Hətta mənimlə bağlı fikrini soruşdum. Cavabını eşitdikdən sonra hansısa problemin olmayacağını başa düşdüm.

Hiss etsəydim ki, lazım deyiləm, 1 gün də qalmazdım. Mən özümə hörmət etməyi bacaran insanam.

Yəni danışığımızdan, razılaşmağımızdan “Sumqayıt”da 1-2 ay yox, daha çox çalışacağımı anladım. Dediyim kimi, “Sumqayıt”dayam, işləyirik, Allahın izni ilə hər şey yaxşı olacaq”.

Emil Babayev 2018-ci ildən çalışdığı “Sumqayıt”da Nazim Süleymanov, Ayxan Abbasov və Aleksey Baqanın köməkçisi olub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti