Samir Abasovun əlində "sehirli çubuq" yoxdur, amma...

1 Oktyabr 2022 19:40 Sumqayıt 724
Samir Abasovun əlində "sehirli çubuq" yoxdur, amma...

Aleksey Baqa ilə yolları ayıran "Sumqayıt"da Samir Abasov dönəmi start götürüb.

Arxada qalan 7 turda 1 qələbə belə qazana bilməyən "kimyaçılar"ın aktivində cəmi 1 qol var. Statistika kifayət qədər acınacaqlı durumdan xəbər verir.

Sirr deyil ki, bu mənzərə daxili ab-havaya mənfi təsir edir, bundan başqa futbolçuların fərd olaraq özünə inamını silib aparır.

Əbəs deyil ki, Abasov kluba ikinci qayıdışından sonra jurnalistlər önündəki ilk açıqlamasında da birinci məsələ olaraq atmosferin düzəldilməli olduğunu önə çəkmişdi.

Təbii ki, onun da əlində "sehirli çubuq" yoxdur ki, 5 gündə komandanı tam olaraq dəyişsin. Qələbə ruhunu geri qaytarsın, ardıcıl qələbələri sıralasın. Zaman lazım olduğu mütləqdir.

Amma ümidverici məqam da yox deyil. Belə ki, Sumqayıt təmsilçisi qarşıdakı iki turda münasib rəqiblərlə üz-üzə gələcək.

3 olmasa da, ardıcıl iki tur qələbə şansı yüksəkdir. Ki, bu tur "Kəpəz"i qəbul edəcək komanda, ardınca "Səbail" səfərinə yollanacaq. 3 olmasa da ona görə qeyd etdim ki, növbəti rəqib lider "Qarabağ"dır. İndi qalır ələ düşən yaxşı təqvimdən yaxşı da faydalanmaq. Bu, fiaskodan çıxışın əla başlanğıcı üçün gözəl şansıdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti