Baqa pis məşqçi deyildi, bəs futbolçular?

1 Oktyabr 2022 23:00 Sumqayıt 486
Baqa pis məşqçi deyildi, bəs futbolçular?

Aleksey Baqa pis məşqçi deyildi.

Hər halda pis mütəxəssis iki fərqli ölkədə necə çempion ola bilərdi?

Bunu da bir kənara qoyuram. Onun çox sayda məşqlərini yaxından izləyən biri kimi bu fikir rahat dilə gətirə bilirəm.

İnsan kimi də onu yerli tərəfdarlar, klub işçiləri bəyənirdi. Bəs niyə "Sumqayıt"da uğurlu ola bilmədi? Bunun ciddi, tutarlı izahı yoxdur. Sadəcə, alınmadı!

Və onda alınmadı deyə bu gün komandanın potensialı da çox aşağı qiymətləndirilir. Gəlmələrin səviyyəsi aşağılanır.

Hə, ola bilər ki, bəzilərin belaruslu özü gətirməmişdi və sisteminə uyğun deyildi. Amma yenə də ucdantutma hamısına pis futbolçu demək olmaz.

Sadəcə əcnəbi mütəxəssis hər hansısa bəlli bir sistem otuzdura bilmədi. Ki, futbolçular da onunla getsin. Onda futbolçunun də səviyyəsi bəlli olacaqdı.

Görəcəkdik ki, baş məşqçi bunu istəyir, amma futbolçu onu verə bilmir. Amma Baqanın komandasında gördüyümüz tək şey vardı - ənənəvi cinah asması. Onun da bəhrəsi penaldan vurulan bir qol oldu.

Heyətdəki futbolçulara fərdi yanaşanda isə ortaya kifayət qədər yaxşı mənzərə çıxır.

Başlayaq yerlilərdən: Aydın Bayramov, Elvin Bədəlov, Vüqar Mustafayev son zamana kimi Azərbaycan millisinə dəvət alırdı.

Araz Abdullayev və Vurğun Hüsyenov kimi təcrübəli simaların təqdimata ehtiyacı yoxdur.

Vüsal İsgəndərli ölkə çapında kifayət qədər sanballı yerli oyunçu hesab olunur.

Gənclər millimizin əsas üzvləri sayılan Rüfət və Səbuhi Abdullzadələr həm də futbolumuzun gələcəyi sayılan adlar arasındadır.

Əcnəbilərlə davam edək:

23 yaşlı Todor Todoroski Şimali Makedoniya millisinin əsas heyət üzvüdür.

Stiven Pereyra Kabo Verde millisinin təcrübəli simasıdır.

22 yaşlı Damian Daniçiç bir qayda olaraq Serbiyanın gənclər millisinə dəvət alıb.

28 yaşlı Filipe Chabi Portuqaliyanın bütün aşağı yaş milli komandalarında çıxış edib.

Göründüyü kimi, adlarda fərdi olaraq çox böyük potensial var. İndi qalır, Samir Abasovun timsalında o fərdi potensialı komanda ruhuna daşımaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti