Samir Abasov “Sumqayıt” üçün nə vəd edir?

28 Sentyabr 2022 19:40 Sumqayıt 909
Samir Abasov “Sumqayıt” üçün nə vəd edir?

Aleksey Baqa ilə yolları ayıran “Sumqayıt” Samir Abasov tapşırıldı.

Halbuki boşalan posta namizədlər çox idi.

Hətta əcnəbi mütəxəssislə razılıq əldə olunduğu barədə də məlumatlarımız vardı. Söhbət konkret olaraq bizə tanış olan olan iki simadan – Kaxaber Sxadadze və Yuri Maksimovdan gedir.

Hər iki mütəxəssis də ölkəmizdə “Şamaxı”da (Əvvəlki adları “İnter”, “Keşlə”) çalışıb. İşlərinə söz ola bilməz. Ki, uğursuz məşqçilər olduğunu iddia etmək olmaz.

Maksimov cəmi 1 il çalışdığı klubla ölkə kubokuna sahiblənib. Kaxaber isə uzun müddət işlədiyi paytaxt klubunda çempionluq qazanıb, ölkə kubokuna sahib çıxıb. Onun heç də uğurlu olmayan qısa müddətli “Standart” dönəmi də olub.

Bir sözlə, hər ikisi də kifayət qədər cəlbedici mütəxəssislər olduğu birmənalıdır. Amma hazırkı “Sumqayıt” üçün heç biri uyğun deyildi.

Çünki, uğur qazandıqları klubdan fərqli olaraq “Kimyaçılar”da yaxşı yerlilərin sayı barmaq sayı qədər heç olmaz.

Əcnəbilərlə bağlı durum nisbətən yaxşı olsa da, məsələ odur ki, hər iki əcnəbi mütəxəssis təmizləmə əməliyyatına gəlmələrdən başlayacaqdı.

Daim əllərində olan minimum 3-4 yeni legioner istəyi mütləq idi. Özlərinin də yerli nisbətdə daha yüksək maaşını bura əlavə etsək, əlavə xərclər kifayət qədər sanballı rəqəmlə əvəz olunacaqdı.

Hazırkı mövsüm itirilmiş sayılacaq, növbəti il üçün hazırlıqlara start veriləcəkdi. Qısası, yeni komanda qurulması üçün addımlar atılacaqdı. Alınmasa da itirəcəkləri bir şey olmayacadı. Şələ-şülələrin yığıb gedəcəkdilər.

Amma Samir Abasovla bağlı vəziyyət tam fərqlidir. Əvvəla gənc mütəxəssis doğma şəhərinə qayıdıb. Son illər başqa yerlərdə çalışsa da sabiq klubundan anban xəbərdar olub.

Dəfələrlə oyunlarını arenadan izləyib. Mətbəxdən çox da uzaqda deyildi. Hər halda sevimli şəhərinin tək komandasından söhbət gedir.

Bundan başqa çempion məşqçi kimi qayıdış məsuliyyəti daha da artırır. Düzdü, Abasov yaxşı məşqçi olduğunu çoxdan isbatlayıb.

Amma istənilən halda çempion məşqçinin “Sumqayıt”da uğursuzluq yaşaması həm çempionluğuna kölgə salmış ola bilər, həm də “məşqçi bazarı”nda qiymətinə, çəksinə.

Yəni “itirəcəyim heç nə yoxdur” fikri Samir müəllimdə ola bilməz. Bu, onun üçün əlavə motivasiya mənbəyi olmalıdır.

Publikanın sevimlisi olan şəxsin heyətdə qlobal dəyişiklərə gedəcəyi də inandırıcı deyil.

Bu da əlavə büdcə itkisinin qarşısını alacaq. Abasovun aşağı məhsulla yaxşı nəticə qazanmaq kimi təcrübəsi də var. Axı daha əvvəl bunu “Sumqayıt”da isbatlayıb.

Onun başqasının məhsulu ilə nəticə vermək təcrübəsi də yox deyil. O, “Neftçi”də məhz xələfi Füzuli Məmmədov formalaşdırdığı heyətlə sonda çempion olmuşdu.

Bu gün isə eyni missiyanı Aleksey Baqanın qurduğu kollektivlə əldə etmək lazımdır. Təbii ki, söhbət çempion olmaqdan yox, daha uğurlu olmaqdan gedir.

Qısası, yerli seçimi ən ideal qərar idi. Rəhbərliyin ilkin variantı olmasa da, əsas odur ki, belə yekunlaşdı.

Yaxın perespektivdə ciddi fərqlər də hiss oluncaq. Bizə isə səbrlə gözləmək qalır.

XANOĞLAN İMANOV

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!