İş yerindən ayrılan baş məşqçi Azərbaycandan nə qədər pul apardı?

22 Sentyabr 2022 14:40 Sumqayıt 1 913
İş yerindən ayrılan baş məşqçi Azərbaycandan nə qədər pul apardı?

Dünən Premyer Liqada növbəti baş məşqçi istefası gerçəkləşdi.

“Sumqayıt” Aleksey Baqa ilə yollarını ayırdı.

41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildi.

Buna səbəb uğursuz nəticələrdir. “Sumqayıt” 7 turdan sonra 3 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

2022-ci ilin əvvəlindən “Gənclik şəhəri” təmsilçisini çalışdıran belaruslu ölkəmizi “2” ilə tərk edib. Söhbət 41 yaşlı mütəxəssisin Sumqayıtın eyniadlı klubundakı qələbə sayından gedir.

Komandanı 9 ayda 23 matça çıxaran Baqa cəmi 2 qələbə görüb. Onun yetirmələri 8 heç-heçə edib və 13 dəfə uduzub. 15 qol vuran sumqayıtlılar 38 top buraxıb.

Bu matçların 21-i Premyer Liqa, 2-si kuboka təsadüf edib. Çempionatda 2 qələbə və 2 heç-heçə ilə 8 xal qazanılıb. 12 yenilgi görən belaruslu 14 qola sevinibsə, 36 dəfə üzülüb.

Kubokda isə heç-heçə və məğlubiyyət qeydə alınıb. Burada top fərqi 1-2-dir. Premyer Liqanın VII turunun “Qəbələ” ilə oyunu (0:1) baş məşqçi üçün klubda son sınaq olub.

BATE-nin sabiq çalışdırıcısının müqaviləsi normalda gələn ilin dekabrında başa çatmalı idi. «Kimyaçılar» bu ayrılığa görə qarşı tərəfə təzminat ödəməyi öz üzərinə götürüb.

Klub rəhbərliyi bu konteksdə söhbət apardığı belaruslunu təzminatın məbləğində güzəştə getməyə razı salıb. O. sadəcə, 3 ayın əməkhaqqısını öncədən almaqla, müqaviləni pozmağa «okey» verib.

SPORTİNFO.AZ

Xəbər Lenti