Premyer Liqa klubu "Karranti"nin axtarışına çıxdı – Gizli çəkilişi rəqiblərə kim ötürüb?

21 Sentyabr 2022 09:40 Sumqayıt 1 212
Premyer Liqa klubu "Karranti"nin axtarışına çıxdı – Gizli çəkilişi rəqiblərə kim ötürüb?

Premyer Liqanın ilk 7 turunda qələbə qazana bilməyən «Sumqayıt»da daxili araşdırmalar başlayıb.

Bu, yalnız qeyri-kafi nəticələrlə bağlı deyil.

Bəlli olan odur ki, Aleksey Baqa klub rəhbərliyinin gözündən düşüb. Hər cür dəstəyə rəğmən, etimadı doğrultmayan baş məşqçinin taleyi tükdən asılıdır.

Belaruslu hər an buradan göndərilmək təhlükəsi ilə üz-üzədir.

Sərəncamındakı heyət ötənilkinə nisbətən zənginləşən, üstəlik, legionerlərin xidmətindən yararlanmaq imkanı əldə edən Baqanın qeyri-kafi fəaliyyəti toplanan xalların (3) sayından görünür.

Vaxtilə BATE-ni çalışdırmış mütəxəssis təzminatdan imtina eləsə, elə bu dəqiqə yola salınar.

Obyektiv səbəblərlə yanaşı, bəzi şübhəli məqamlar var ki, «kimyaçılar»ə indi bunun incəliklərini bilmək maraqlıdır. Həmin o qaranlıq nüanslar barədə «gənclik şəhəri» təmsilçisinə müəyyən informasiyalar daxil olub.

Müəmma bundadır ki, komandanın oyunqabağı son məşqləri bir neçə dəfə gizlicə telefonla çəkilərək, rəqiblərə göndərilib. Həmçinin onlara meydançaya çıxacaq start heyəti barədə dəqiq məlumatlar ötürülüb.

Bunu kimin, yaxud kimlərin etməsini dəqiqləşdirmək «Sumqayıt»lılara çox vacibdir. Hər halda «Karranti»ni tapıb üzə çıxarmaqla, komandanı növbəti uğursuzluq dalğasından qorumaq və sığortalamaq mümkündür.

Güman ki, axtarış uzun sürməyəcək, bir müddət sonra bitəcək. Yəqin edirik ki, həmin vaxt biz də bundan xəbər tutacaq, nəticələri barədə oxucularımızı məlumatlandıracağıq. Prosesin gedişi diqqətimizdədir…

SPORTİNFO.AZ

Xəbər Lenti