“Sumqayıt” 11 illik klub tarixinin ən ağır günlərini yaşayır.
Premyer Liqada geridə qalan 6 oyunda qələbə üzünə həsrət qalan komanda cəmi 3 heç-heçəylə aktivinə 3 xal yazmaqla 10 komanda arasında 8-ci pillədə yer alıb.
Son 3 ildə bürünc medallara sahib olub, 2 dəfə ölkə kubokunun finalında çıxış etməklə avrokuboklarda iştirak edən “kimyaçılar” təxminən 4 aylıq, lap dəqiq desəm, 112 günlük fasilədən sonra rəqib qapısına yol tapmağa nail olub.
Heyətində 8 legioner saxlayan “gənclik şəhərinin” təmsilçisi bu dəqiqə çempionatda ən bərbad oyun sərgiləyən 2 komandadan biridir (o biri “Kəpəz”dir).
Bunlar hansısa azərbaycanlı məşqçinin rəhbərliyi altında baş versəydi, klub prezidenti Riad Rəfiyev çoxdan onu boğaza yığar, çantasını yığıb Sumqayıtı tərk etməsinə nail olardı.
Amma bunu edən azərbaycanlı deyil, Belarusdan böyük ümidlərlə Azərbaycana gətirilən Aleksey Baqadır.
Aleksey Anatolyeviç BATE-nin unudulmaz futbolçularından olub, sonra məşqçi kimi bu komandanı ölkə çempionu edib. Eyni uğuru Litvada “Jalgiris”lə təkrarlayıb.
Yəni adamın məşqçilik savadı sıfır deyil. Bacarığı olmasaydı, 2 ölkədə çempion olub, Qazaxıstandan, sonra da Azərbaycandan təklif almazdı. Təbii, Belarus və Litva çempionatları Premyer Liqamız qədər gərgin və rəqabətli deyil.
Amma bu faktın özü də Baqanın komandasının 10 komanda arasında 8-ci pillədə yer almasına dəlalət etmir.
Bu gün komandanın üzləşdiyi duruma görə cavabdehlik daşıyan şəxs Riad Rəfiyevdir. Baqanı bura gətirən, bir avtobus legionerin Sumqayıta yolunu açan adam bu şəxs olub. Sponsorların kluba ayırdığı pulların “havada uçmasının” məsuliyyəti birbaşa Rəfiyevin üzərindədir.
Ayxan Abbasovu bəyənməyib yerinə belaruslunu gətirən, indi də buraxılan səhvlərin tarixini müəyyənləşdirməyə çalışan klub prezidenti ortaya çıxıb açıqlama verməlidir.
Məsuliyyətin altına girməli, vəziyyətin bu həddə çatmasının səbəblərini azarkeşləri ilə bölüşməli, çıxış yolu üçün konkret zaman göstərməlidir.
Yox, buna ehtiyac duymursa, ya da özündə cəsarət tapmırsa, o zaman pul qazanmaq və firavan yaşamaq üçün şərait yaratdığı baş məşqçisinin qarşısına zaman tələbi qoymalıdır.
Ya da “Qəbələ” ilə sentyabrın 17-dəki oyunda qələbə qazanılmayacağı halda belaruslu dostunu Bakıdan Minskə yola salmalıdır.
Ekonom yox ha, birbaşa biznes klassda. “Sumqayıt”dakı biznesin davamı olaraq.
HƏBİB

