Bu mövsümdən I Divizionda mübarizə aparan «Araz-Naxçıvan»ın baş məşqçisi Azər Bağırov iş yerini dəyişə bilər.
8 aydır Muxtar Respublika təmsilçisini çalışdıran gənc mütəxəssis Premyer Liqadan təklif alıb.
Aleksey Baqadan əlini üzən «Sumqayıt» rəsmiləri onunla əlaqə saxlayıb və şərtləri ilə maraqlanıb. Elitada fəaliyyət göstərmək üçün illərdir gözləyən Bağırov üçün «kimyaçılar»ın bu dəvəti göydəndüşmə olub.
O, son qərarını vermək üçün qarşı tərəfdən vaxt istəyib. Vaxtilə «Qəbələ»də Elmar Baxşıyevin, «Şamaxı»da Sənan Qurbanovun yardımçısı olmuş Bağırov indi təkbaşına seçim etmək səlahiyyətində deyil.
Gərək «Araz-Naxçıvan» funksionerləri ilə məsləhətləşsin, mümkün olsa, onlardan xeyir-dua alsın. Sonra onun üçün pis ola bilər axı.
SPORTİNFO.AZ

