İstefa xəbərini gözləyərkən…

12 Sentyabr 2022 09:40 Sumqayıt 758
İstefa xəbərini gözləyərkən…

Bütün «Sumqayıt»ın qulağı səsdədir.

O xəbəri gözləyirlər. Hə, Aleksey Baqanın istefası ilə bağlı xəbəri nəzərdə tuturam.

Ötən mövsümü ondan istənilən kimi başa vurmayan belaruslunu indiki gedişat qətiyyən qəne edə bilməz. Altı tura 1 qol vuran (o da penaltidən) və cəmi 3 heç-heçəyə imza atan komandanın baş məşqçisi özünü necə hiss edərsə, bax, Baqa da haldadır.

Kreslosu xeyli laxlayıb. Tikan üstündə oturmuş kimidir.

Əlini hara atır, heç nə alınmır. Çaşbaş qalıb, çarəsiz görünür.

Məsuliyyəti bölüşmək üçün axtarışa çıxıb. Uğursuz olmasını legioner siyasətinə aparıb bağlayır.

Deyir, əcnəbi futbolçuları yalnız özü seçməyib, köməkçiləri, rəhbərlikdəkilər və skautlarla birgə qərar veriblər.

Baqa bunu indi dilə gətirir. Gecikib. Həqiqətən əcnəbi futbolçuların seçimi kollegial surətdə edilibsə, əslində, 1-1,5 ay öncə bu haqda danışmalıydı.

Bu gün legionerlərin səviyyəsinin yetərsizliyinə işarə vurmaq daldan atılan daşdır. Hərgah, mən yenə o qənaətdəyəm ki, «Sumqayıt»ın müqavilə bağladığı legionerlərin heç də hamısına pis demək olmaz.

Dadi-bidad, Ayxan Abbasov illərlə bundan da zəif heyətlə çalışıb, iki dəfə avrokuboklara, iki dəfə də ölkə kubokunun finalına vəsiqə qazanıb, Premyer Liqanın bürünc medalını əldə edib.

«Sumqayıt»da tək problem baş məşqçi əməyinin sıfır həddinə enməsidir. Baqa koordinasiya və kommunikasiya sarıdan çox axsayır, futbolçularla öz arasında bağ yaratmayıb.

Mental olaraq özgə dünyanın nümayəndəsidir, «Sumqayıt» ailəsinə doğma gəlmir.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti