5 turda 5 məğlubiyyət -
Bu, indiki "Sumqayıt"ın yeni mövsümdəki təqdimatı üçün girişdir.
Hələ "kimyaçılar"ın aktivində bir qolun belə olmaması barədə söz açmıram.
Arxada qalan 5 turda Sumqayıt klubunun "Zirə", "Sabah", "Neftçi" və "Qarabağ" kimi iddialılarla oynadığın unutmuruq. Amma komanda "Turan Tovuz"un da müqavimətin qıra bilməyib axı. Böyük dərtdir, ağır seriyadır.
Dedilər problem legioner qadağasıdır. O da mövsümün əvvəli aradan qaldırıldı. İki əlin barmaq sayı qədər əcnəbi var. Amma faydası yox kimidir.
Baş məşqçi Aleksey Baqa gah zaman istədi, gah da heyətə gec qoşulanları uğursuzluqda səbəb göstərdi. Hətta son turda "Neftçi"yə məğlubiyyətdən sonra danışmağa sözü bitdiyi üçün mətbuat konfransına da gəlmədi.
Hər kəs istefa verəcəyini düşünsə də, o, bir gün sonra komandanı məşqə çıxardı.
Bu gün isə doğma meydanda növbəti rəqib "Şamaxı"dır. Bölgə klubu turnir cədvəlinin sonuncusu olmasa da, heyətinə görə ən zəifi olduğunu birmənalı demək olar. Cavid Hüseynovun yetirmələri bütünlüklə yerlilərdən cəm olub.
Qol(lar) vurmaq, 3 xal qazanmaq üçün bundan münasib rəqib?
Yox, yetirmələri bu gün də acınacaqlı çıxışını davam etdirəcəksə, Baqa elə birbaşa arenadan şələ-şüləsin yığıb gedə bilər.
Hə, tək günahkar o deyil. Amma günahkarlara qol-qanad verən də o olub. İstəmədiyi oyunçulara qucaq açanda. İndi isə çox gecdir. Ya razılaşdığın şərtlərdə nəticə verməlisən, ya da suyu sulu çıxıb getməlisən. Bu işin qaydası budur, Aleksey Baqa!
XANOĞLAN İMANOV

