“Sumqayıt” “Neftçi” ilə oyunda da qələbəyə həsrət qaldı.
Premyer Liqada 5-ci oyununu keçirən “gənclik şəhəri”nin təmsilçisi “Bakcell Arena”da darmadağın oldu – 0:3.
Oyunsonrası mətbuat konfransında baş məşqçi Aleksey Baqaya ünvanlanacaq sualların sayı-hesabı yox idi.
Yararsız legionerlərin komandaya cəlb olunması, “Sumqayıt”ın cari mövsümdə 1 top belə vura bilməməsi, uğursuzluğa görə məsuliyyətin kimin boynunda olması və sair.
Belaruslu məşqçi səhhətindəki problemi əsas gətirərək jurnalistlərlə söhbətdən yayındı və mətbuat konfransına köməkçisi Rail Məlikov qatıldı.
Belaruslu məşqçinin istefa verəcəyi gözlənilirdi. Amma yox...
“Neftçi” ilə matçın ertəsi komanda üzvlərinə istirahət verildiyindən, Baqa da dincəlmək imkanı qazanıb. Və bu gün səhər baş tutan səhər məşqinə futbolçuları meydana məhz özü çıxarıb.
Belarusda və Litvada çempion olmağı bacarmış məşqçi “Şamaxı” ilə oyunun planlarını cızır. “Kimyaçılar” bu görüşdə də qələbə qazana bilməsə, çox güman, bu, Baqa üçün Azərbaycanda sonuncu oyun olacaq.
Hər halda, Aleksey Anatolyeviç kimi təcrübəli biri istefa mədəniyyətinin nə olduğunu hamıdan, hətta Riad Rəfiyevdən də yaxşı bilir.
HƏBİB / SPORTİNFO.AZ

