Nə qədər ki gec deyil…
Nə qədər ki mbvsüm əldən getməyib…
Nə qədər ki Ginnesin Rekordlar Kitabına düşməyiblər…
«Sumqayıt» dəyişikliyə, konkretləşdirsək, baş məşqçi istefasına «hamilədir». Aleksey Baqa ilə bu iş yürüməz! Artıq bu gerçəyi anlamaq və qəbullanmaq lazımdır.
Günü günə calayanda, hər uğursuz oyundan sonra növbəti həftəyə ümidlə boylananda, belə olur: qol vura bilmirsən və deməli, qazana da bilmirsən.
Düzü, Riad Rəfiyevin səbr kasasının hələ də daşmamasına heyrət edirəm.
Bir klub prezidenti baş məşqçinin arxasında nə qədər dayanarsa, o, daha arıığını edib və deyəsən, yenə də Baqaya möhlət vermək fikrindədir.
Belaruslu hansı ölkədə bu cür biabırçı nəticələrə imzasını atsaydı, onu 4-5 ay əvvəl yola salmışdılar. Vallah-billah, «Sumqayıt»ın legionerlərini çöp qutusuna atmağa tələsənlər yanılır.
Hamısı olmasa da, əksəriyyəti Premyer Liqaya yararlıdır. Baqa nəyi düzgün edir ki, bu əcnəbi futbolçulardan da qatqı görsün?!
Gündə bir «onbirlik» dəyişir, taktika dəyişir, onu dəyişir, bunu dəyişir, xeyir eləmir. Buradan bəlli olur ki, problem baş məşqçinin özündədir.
Getməsə, komanda düzəlməyəcək. Çox təəssüf, başa düşmür ki, onda heç nə alınmır.
Bəlkə də başa düşür, sadəcə, istefa ərizəsi yazacağı halda, təzminatın əldən çıxmasını istəmir. Amma nəvaxta kimi?
«Sumqayıt» rəhbərliyi elə bu gün AZAL-la əlaqə yaratmaılıdır. Hava Konsernindən Bakı-Minsk reysinin vaxtını dəqiqləşdirməlidir.
Biletin qiyməti ilə maraqlanmaqdan keçib. AZAL biletə nə qiymət qoyubsa, alsınlar və yola salsınlar. «Sumqayıt»ın bügünü və sabahı, xilası naminə!
KAMİL

