«Əvvəllər Niderland Eredeviziyasında, Bolqarıstanın yüksək liqasında, Portuqaliya Sequndasısında oynamışam, indi isə Azərbaycan Premyer Liqasında çıxış edirəm.
Mən get-gedə geriyə doğru addımladığımı düşünmürəm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın ilk legioneri kimi tarixə düşən Steven Pereyra deyib.
Son olaraq Cənubi Afrika Respublikasının “Maritzburq Yunayted” klubunda çıxış etmiş Kabo-Verde millisinin müdafiəçisi ölkəmizə gəlməklə doğru qərar verməsinə əmindir.
«Kimyaçılar»la 2+1 illik müqavilə imzalayan 28 yaşlı afrikalı seçimi haqda bunları söyləyib:
«Geriyə addım niyə? Burada kifayət qədər səviyyəli və bacarıqlı futbolçular var. Çempionatın səviyyəsi aşağı olsaydı, bu cür oyunçular olmazdı, klublar avrokubokların qrup mərhələsində mübarizə aparmazdı.
Bu fikirlə razı deyiləm. İndiyə qədər müxtəlif ölkələrdə top qovmuşam. Azərbaycan mənim üçün yeni çağırışdır.
Ümid edirəm ki, çempionatın bundan sonrakı hissəsi bizim üçün maraqlı olacaq. Görəcəyik».
Niderland futbolunun yetirməsi olan Steven Pereyra adıçəkilən ölkədə “Zvolle”, “Maastrixt” kimi klublarda çıxış edib.
Bolqarıstanda “ÇSKA” (Sofiya), Portuqaliyada “Santa Klara”, “Akademiko Viseu” və “Oliveyrense”nin də uğurları üçün çalışıb. O, Kabo-Verde millisinin heyətində 10 oyunda da iştirak edib.

