9 ayın "hamiləliyi"

27 Avqust 2022 10:40 Sumqayıt 893
9 ayın "hamiləliyi"

Mövsümə 11 illik tarixində ilk dəfə legioner qadağası olmadan start verən “Sumqayıt” Premyer Liqada artıq 4 turu arxada qoyub.

Aleksey Baqanın, mənə elə gəlir ki, sağlıq durumunda hər şey qaydasındadır, hər halda almayanaq simasından qan damır.

Qırmızı rəng bəzən üzünün bütün cizgilərinə sıçrayır, fərqinə varırsan ki, o, nəinki ildə iki-üç dəfə, heç 9 aydan bir də həkimə müraciət etməyə gərək duymur.

Tfu-tfu, göz dəyməsin! Allah canına dəyməsin, xəstəlik, azar görməsin.

Baqanın səhhəti “cappacaq”dır, fəqət, eyni sözləri mən komandası haqda deyə bilmərəm.

Bura gəlişindən artıq 9 ay keçib, bu müddətdə klub rəhbərliyi onun üçün 9 legioner alıb, gəl ki, Baqa 9 nədir, 1 qəpiklik futbol da oynatmır “Sumqayıt”a.

İşə başlayanda, deyirdik ki, komandanı sezonun ortasında götürüb, heyəti özü yığmayıb, çempionatı, rəqibləri yaxşı tanımır.

Bütün bu səbəblərdən əldə etdiyi qeyri-kafi nəticələrə göz yumduq, üstünə getmədik. Dedik, əşşi, təzədir, gün gələr, “Sumqayıt”ın da qapısında toy olar.

O gün gəldi, toy da oldu. Amma “Sumqayıt”a toy tutmaq oldu e, elə bil, Premyer Liqanın yeni mövsümünün açılışı.

Artıq 4 tur geridə qalıb, Baqanın komandası qələbə qazanmayıb. Qazanmaq üçün qol vurmaq lazımdır, belaruslu baş məşqçinin “uşaqlar”ı heç bunu da etməyib.

Vaxtilə 3 ölkədə çalışmış Baqa səbəbini izah edə bilmir bunun.

Sual da verəndə, çiyinini çəkir, genekologiya mövzusuna baş vurur, bundan gen-bol danışır, lakin rəqib qapısına yol tapa bilməməyin “əmma”sını çözmür, demir, niyə belədir.

Bu sualın cavabını ondan eşidəcəyimizə, açığı, mənim day inamım qalmayıb. Doqquz aydır “Sumqayıt”da papağını günə yandıran Baqa hələ də bilinmir ki, komandasına hansı oyunu oynatmaq istəyir, uğurun yolunu harada, nədə görür.

Gah “dördlü” müdafiə tətbiq edir, gah arxa xətdə 8 nəfərdən ibarət “ətdən çəpər” qurur, gah da “vur qabağa” ilə nicat arayır. Qol yoxdursa, deməli, bu arayışlar əbəsdir, səmərəsizdir.

Baqa hamilə qadının dünyaya uşaq gətirəcəyi müddəti hesablaya bilsə də, görünən budur ki, komandasının hesabatını düzgün aparmır.

“Sumqayıt”da sular durulacaq. Bunun tez baş verməsi üçün klub rəhbərliyi Baqanı istefaya göndərməlidir. Day gecikməmlidirlər.

Adamın işi qısır və qüsurludur, alınmır da, ondan ikiəlli yapışmağa nə gərək! Daha 9 ay da keçsə, yenə nəsə əmələ gəlməyəcək, gətirməyəcək.

Heyəti pis də deyil zalımın. Vallah, kim nə deyir desin, gətirdikləri legionerlər bir o qədər pis iy qoxumur. Sadəcə, onlarla məşqçi işləməlidir, məşqçi.

O məşqçinin də Baqa olmadığını qolsuzluq sindromunun uzanması göstərir. Görünən kəndə də nə bələdçi.

Klub rəhbərliyi onu vəzifəsindən azad edib, genekologiya kurslarına yazılmasına şərait yaratsa, daha yaxşı olar.

Qoy bildiyi işin arxasınca getsin də, burada boş yerə niyə vaxt itirsin ki! Iki tərəfə də ziyan verir bu - həm Baqanın özünə, həm də ötən 9 ayda geridən geriyə düşən “Sumqayıt”a.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti