Mərdəkanda kapitan fərqi...

22 Avqust 2022 23:20 Sumqayıt 1 029
Mərdəkanda kapitan fərqi...

"Sumqayıt" yeni mövsüm ilk xalını Mərdəkanda qazandı.

Düzdü, 3 xal üçün də komandanın bir neçə real imkanı oldu. Amma "Zirə" önündə daha çox müdafiədə oturan komanda sonda səfərdən bir xalla qayıtmağı bacardı.

Və bunda sözsüz ki, ən çox xidməti olan adam Vurğun Hüseynov oldu.

Qazanılan bir xala görə komanda yoldaşları və baş məşqçi ilk növbədə ona minnətdar olmalıdır. Ki, kapitan ideala yaxın oyun keçirdi.

Hətta sona yaxın komandasını xalsız qalmaqdan xilas etdi. Belə ki, son dəqiqələrdə Rəhim Sadıqovun sabiq komandasını cəzalandırmasına Hüseynovun kritik müdaxiləsi mane oldu. Ümumiyyətlə, onun meydanda olması müdafiə fazasındakı digər yoldaşkarına da bir rahatlıq gətirmişdi. Hər halda illərin təcrübəsi öz sözünü deyirdi.

Yəqin ki, bundan sonrakı matçlarda Baqa kapitana daha çox güvənməyə başlayacaq. Halbuki ilk iki turda ona şans vermirdi. Hətta "Qarabağ"la oyunda sona yaxın hesab qorumaq üçün belə təcrübəli oyunçuya şans verilməmişdi. Nə qədər təəccüblü olsa da...

Zəngin karyerası olan səbrli futbolçu isə meydana çıxdığı ilk matçdaca komandası üçün nə qədər vacib fiqur olmasını əyani göstərmiş oldu.

Kapitan fərqi bu olsun gərək...

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti