“Qarabağ”lı legionerlər “Sumqayıt”ın yeni transferini necə həvəsləndirib? - “Mənə dedilər ki...”

2 Avqust 2022 21:00 Sumqayıt 1 802
“Qarabağ”lı legionerlər “Sumqayıt”ın yeni transferini necə həvəsləndirib? - “Mənə dedilər ki...”

Ötən mövsüm baş məşqçi postuna Aleksey Baqanı gətirən “Sumqayıt” 11 ildən sonra siyasi kursunu da dəyişdi.

Artıq legionerlərə də qucaq açan “kimyaçılar” bir neçə əcnəbi ilə münasibəti rəsmiləşdirib ki, aralarında ən baxımlı karyeraya sahib olanı və az-çox tanınanı Stiven Pereyradır.

Vaxtilı Niderland Eredeviziyasında 100-dən çox oyuna çıxan, Bolqarıstan nəhəngi ÇSKA-da top qovan, Kabo Verde millisinə dəvət alan 28 yaşlı müdafiəçi bundan sonra sumqayıtlı azarkeşləri sevindirməyə çalışacaq.

Stivenlə müsahibəni hələ Türkiyə toplanışının gedişində planlaşdırsaq da, söhbətimiz komanda Azərbaycana qayıdandan sonra baş tutdu.

- “Sumqayıt”dan təklif alanda düşünmək üçün nə qədər vaxta ehtiyac duydun?

- Açığı, Azərbaycan futbolu mənə maraqlı gəlirdi. Haqqında müəyyən məlumatlar eşitsəm də, ölkəni görmək, futbolu ilə tanış olmaq həvəsindəydim. İlk dəfə klub rəhbərliyi ilə danışanda “Sumqayıt”ın gələcəyi ilə bağlı maraqlı layihələr eşitdim. Nə gizlədim, diqqətimi çəkdi. İstədim ki, həmin layihənin uğurla həyata keçməsində pay sahibi olum. Ona görə də düşünmək üçün çox vaxt itirmədim.

- Azərbaycanın sənə maraqlı gəldiyini dedin. Sirr deyilsə, bura gəlməmişdən əvvəl nə kimi məlumatlara sahib idin?

- Desəm ki, çox şeyi və hər şeyi bilirdim, yalan olar. Çempionatın gərgin mübarizə şəraitində keçdiyini eşitmişdim. Və ən önəmlisi, böyük klubların Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından məlumatlıydım.

- Niderlandda doğulmusan və uzun illər Eredeviziyada top qovmusan. İndiyə qədər Azərbaycanda çıxış etmiş futbolçulardan kimlərisə tanıyırsan?

- Əlbəttə, tanıdıqlarım var. Bilirəm ki, vaxtilə Eredeviziyanın sayılıb-seçilən futbolçularından olan, Niderland millisinin şərəfini qorumuş Ruben Şaken nə vaxtsa hansısa Bakı komandasında çıxış edib (“İnter”, indiki “Şamaxı” – H.). “Sumqayıt”da oynamış Atilla Yıldırımla da münasibətim var. Həmçinin Kabo Verde yığmasındakı yoldaşlarım. Onları siz yaxşı tanıyırsınız.

- Bilirəm, Leandro və Patrik Andradeləri nəzərdə tutursan. Azərbaycandan təklif alanda mütləq ki, onlarla məsləhətləşmisən. Nə dedilər sənə?

- Ancaq və ancaq xoş sözlər eşitdim. Həm ölkə, həm buradakı həyat səviyyəsi, həm də çempionat haqda. Ən xoş gələn bilirsiniz nə idi?

- Nə?

- Dedilər ki, bacarığını bələdik, potensialını ortaya qoya bilsən, azarkeşlər səni sevəcək. Futbolçu üçün bundan gözəl heç nə yoxdur. Azarkeşlərimizin üzünü güldürmək üçün əlimdən gələnin yaxşısını etməyə çalışacağam.

- Azərbaycan Premyer Liqasında – “Sumqayıt”da çıxış etməklə yenə Kabo Verde yığmasına dəvət alacağına ümid edirsən?

- Bu dəqiqə bütün fikrimi “Sumqayıt”a yönəltmişəm. Məqsədim komandaya bacardıqca tez uyğunlaşmaq və çempionata maksimum nəticələrlə başlamaqdır. Çünki hər şey özümdən asılıdır. Millinin qapıları klublarda özünü yaxşı tərəfdən göstərən futbolçuların üzünə açıqdır. Burada möhkəmlənim, milli ilə bağlı nə olacağını zaman göstərəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti