“Böyük ehtimalla, onunla müqavilə bağlayacağıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib.
Yeni mövsümə "Sumqayıt"da başlayacaq legionerlərin sayı 4-ə çatıb.
Bilinidiyi kimi, “kimyaçılar” artıq 3 əcnəbi ilə münasibətlərini rəsmiləşdirib.
Bunlar kabo-verdeli mərkəz müdafiəçisi Stiven Pereyra (“Maritzburg United”, Cənubi Afrika Respublikası), cinah müdafiəçisi Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya) və yarımmüdafiəçi, Rifat Nurmuqametdir (“Maktaaral”, Qazaxıstan).
Müqavilə ilə "Başakşehir"ə məxsus olan Alya Ture də “gənclik şəhəri” təmsilçisində qalacaq. Iki həftədir düşərgədə yer alan yarımmüdafiəçi Aleksey Baqanın rəğbətini qazana bilib.
Sol və sağ vinger kimi çıxış edə bilən 20 yaşlı afrikalı ilə 3 illik müqavilə nəzərə tutulub.
Belaruslu baş məşqçi dünən Türkiyədə “Samsunspor”la keçirilən yoxlama oyunundan sonra qvineyalının qalmasını istəyib.
Ölkəsində "Sekens" klubunun yetirməsi olan Alya 2020-ci ildə "Başakşehir"lə 4 illik müqavilə imzalayıb. Onun İstanbul təmsilçisi ilə kontraktı 2024-cü ilin yayında bitəcək.
O, buna kimi icarə əsasında “Akhisarspor” və “Yammerbuht”da (Danimarka) çıxış edib. R.Məmmədov turenin keçidi üçün “Başakşehir”lə danışıqlar aparacaqlarını bildirib:
“Biz onu baxışa çağırmışdıq. Əvvəlcədən bilinmirdi ki, burada qalacaq, ya yox.
Baqa Tureni bəyəndi, indi isə iki klub arasında danışıqlar başlayacaq. Tureni icarəyə götürəcəyimiz, yoxsa birbaşa müqavilə bağlayacağımız danışıqların gedişində müəyyənləşəcək.
Yaxın günlərdə bununla bağlı rəqmi qərar olacaq. Legionerin özü ilə heç bir sıxıntımız yoxdur.
Ture şərtlərimizlə tanışdır və karyerasını Azərbaycanda davam etdirməyə həvəslidir”.

