2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt” növbəti yoxlama oyununu keçirəcək.
Aleksey Baqanın komandası Türkiyə 1-ci Liqa təmsilçisi "Samsunspor"la üz-üzə gələcək.
İyulun 25-də Çeşme bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
“Sumqayıt” Türkiyədəki ilk sınaq matçında “Bandırmaspor”la heç-heçə edib – 2:2.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun Sportinfo.az-a bildirdiyinə görə, hazırda baxışda olan legionerlərin taleyinə "Samsunspor"la qarşılaşma aydınlıq gətirəcək.
O. qarşıdakı günlərdə daha bir neçə əcnəbi futbolçunun yoxlanışa gələ biləcəyini söyləyib.
Sumqayıtın eyniadlı təmsilçisi bu yay 1 yerli - Vüsal İsgəndərli (“Keçiörengücü”, Türkiyə) və 3 legionerlə - Stiven Pereyra (“Maritzburq United”, Cənubi Afrika Respublikası), Damyan Daniçiç (“Dinamo”, Zaqreb, Xorvatiya) və Rifat Nurmuqamet (“Maktaaral”, Qazaxıstan) müqavilə bağlayıb.

