“Bəli, ilk dəfə legioner futbolçularla mövsümə hazırlaşırıq və bu, komandaya da müsbət təsir edir“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın kapitanı Vurğun Hüseynov deyib.
“Gənclik şəhəri“ təmsilçisi yeni mövsümdən legionerlərin xidmətindən istifadə edə biləcək.
11 ildən sonra qadağası üzərindən götürülən “kimyaçılar“ artıq 2 əcnəbi futbolçu ilə güclənib. Bunlar kabo-verdeli mərkəz müdafiəçisi Steven Pereyra və serbiyalı cinah müdafiəçisi Damian Daniçiçdir.
Uzun illərdir “Sumqayıt“ın şərəfini qoruyan müdafiçi yeni qərarın kollektivə indidən müsbət təsir etdiyini dilə gətirib:
“Bu gün bizimlə bir yerdədilərsə, deməli, ailəmizin bir üzvüdülər. Biz də əlimizdən gələni edirik ki, komandaya tez uyğunlaşsınlar. İnşallah, gücümüzə güc qatarlar.
Ötən mövsüm uğursuzluq yaşadıq. Çalışacağıq ki, yeni sezon daha yaxşı nəticələr qazanaraq, azarkeşlərimizi sevindirək”.

